Yaşasaydı bu gün 73 yaşı tamam olurdu
Bu gün Xalq artisti Yaşar Nurinin anadan olmasının 73 ili tamam olur.
Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində anadan olub. Səhnəyə ilk dəfə 11 yaşında Azərbaycan Dövlət Musiqili Komediya Teatrında "Toy kimindir?" tamaşasında Tapdıq rolunda çıxıb. Bundan başqa o, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Akademik Milli Dram Teatrında fəaliyyətə başladığı ilk illərdən Yaşar Nuri bir qayda olaraq xarakterik rolları ifa edib.
Səhnədə "Övlad", "Bağlardan gələn səs", "Bəşərin komediyası və yaxud Don Juan", "Quşu uçan budaqlar", "Dəli yığıncağı", "Sevil" və s. tamaşalarda çıxış edib. Kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı "Dörd bazar günü" filmində yaratdığı Seyran obrazı aktyorun kinoda ilk işi olub. Bunun ardınca isə o, onlarla filmdə müxtəlif xarakterli obrazlar yaradıb.
Yaşar Nuri 1989-cu ildə Azərbaycanın Xalq artisti fəxri adına, “Yaramaz” filmində yaratdığı Maşallah roluna görə Azərbaycan Dövlət mükafatına layiq görülüb.
Yaşar Nuri 22 noyabr 2012-ci ildə vəfat edib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 3-09-2024, 09:50