Yaşasaydı bu gün 71-ci ili tamam olurdu
Bu gün Xalq artisti, Azərbaycanın televiziya, teatr və kino aktyoru, aparıcı Telman Adıgözəlovun anadan olmasının 71-ci ili tamam olur.
Telman Adıgözəlov 1953-cü il, iyulun 17-də Balakəndə anadan olub. O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. Bunlardan C. Məmmədquluzadə "Dəli yığıncağı" Zəncirvuran, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M. İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" Təlxək, S.Rəhman "Nişanlı qız" çeşməkli kişi, E.Baxış "Qədr gecəsi" Oyunbaz, Elçin "Ah Paris…Paris!.." Əhməd, "Mənim sevimli dəlim" Professor, R.Novruz "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar. İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynayıb. Telman Adıgözəlov “Qızıl Dərviş” mükafatına, Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb.
Xalq artisti 2010-cu ildə vəfat edib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 17-07-2024, 11:12