mobil versiya

Səfir: "Səudiyyə-Azərbaycan münasibətləri 1991-ci ildən başlayan tarixi əlaqələrdir"




Səudiyyə Ərəbistanı Krallığının yaradılmasının 94-cü ildönümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.


Səfir İssam bin Saleh əl-Cuteyli çıxış edərək deyib ki, mərhum Əlahəzrət Kral Əbdüləziz bin Əbdürrəhman Al Səud tərəfindən Səudiyyə Ərəbistanı Krallığının birləşməsinin 94-cü ildönümüdür. Bu cür anlarda hisləri dil ilə ifadə etmək mümkünsüzdür. Vətən sevgisi deyilən sözlərdə və ya söylənilən ifadələrdə deyil. Bu, müdrik rəhbərlik və vətəndaşların paylaşdığı ucsuz-bucaqsız hiss və nemətdir. 

Ölkələrimiz arasında münasibətlərə toxunan diplomat, bildirib ki, Səudiyyə-Azərbaycan münasibətləri 1991-ci ildən başlayan tarixi əlaqələrdir. Hazırda müxtəlif  sahələrdə  mühüm  inkişaf var. Əlaqələr iki ölkənin yüksək vəzifəli şəxsləri arasında  qarşılıqlı səfərlərin şahidi olub: “ Hal-hazırda biz Səudiyyə-Azərbaycan hökumətlərarası Müştərək Komissiyası və Birgə İşgüzar Şurası vasitəsilə ticarət dövriyyəsi həcminin artırılması üzərində çalışırıq. İki ölkə qısa zamanda ticarət dövriyyəsinin həcmini dəfələrlə artıracaq bir çox ortaq imkanlara malikdir” deyən səfir Azərbaycanın  BMT-nin İqlim Dəyişikliyi Konfransı COP29-un təşkilində uğur qazanacağını diləyib.


Səudiyyə Ərəbistanı Krallığı beynəlxalq miqyasda mühüm və nüfuzlu ölkədir. O, G20-nin üzvüdür  və Krallığın 2030-cu ilə Baxışı Proqramını həyata keçirmək üçün iddialı perspektivləri var: “Bəlkə də Krallıq olaraq bizi fərqləndirən, beynəlxalq inkişaflarla ayaqlaşmaq, öz resurslarımızdan bəhrələnmək, ərəb və islami dəyərləri, prinsipləri qoruyaraq Səudiyyə vətəndaşının tərəqqisi və rifahı naminə onları səfərbər etmək üçün üstün bacarığımızdır”.

Səudiyyə Ərəbistanı Krallığı islama və müsəlmanlara xidmət etmək üçün iki müqəddəs məscidə və müqəddəs məkanlara böyük diqqət  və qayğı göstərir. Bu böyük bir şərəfdir və biz onu yerinə yetirməkdən qürur duyuruq və rəhbərliyimizin əsas prioriteti hesab edilir. 


Azərbaycan hökuməti adından Səudiyyə Ərəbistanı xalqını bayram münasibətilə təbdik edən maliyyə naziri Samir Şərifov Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini deyib. 
Ortaq mədəni və dini dəyərlər baхımından Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafına xüsusi önəm verir və ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf etməkdədir.  Xüsusilə ölkə rəhbərlərinin səyləri nəticəsində əlaqələrimiz həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etməkdədir.

Bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edir. Xüsusilə ölkə rəhbərlərinin səyləri nəticəsində əlaqələrimiz həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etməkdədir:
“Azərbaycan hökuməti olaraq, BMT və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində qətnamələrin qəbuluna görə ölkəmizin mövqeyini daim dəstəklədiyinə, ərəb və İslam ölkələrində ictimai rəyin formalaşmasına güclü təsir göstərdiyinə görə, Səudiyyə Ərəbistanı Krallığına minnətdarlığımızı bildiririk”. 
Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətlərinin yaratdığı əməkdaşlıq üzrə Müştərək Komissiya ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın dərinləşməsində müstəsna rol oynamaqdadır. Birgə İqtisadi komissiyalar, siyasi məsləhətləşmələr ikitərəfli münasibətləri nəzərdən keçirmək və inkişaf etdirmək üçün effektiv mexanizmlərdir: “Ümid edirik ki, komissiyanın növbəti, 8-ci iclasını və siyasi məsləhətləşmələri çox yaxın vaxtlarda keçirəcəyik”.


Səudiyyə Ərəbistanı Krallığına COP29-a verdiyi dəstəyə görə təşəkkür edən Samir Şərifov əlavə edib ki, COP29-a ev sahibliyi edən ölkə kimi, Azərbaycan dövləti iqlim dəyişikliyinin mənfi fəsadları ilə mübarizədə öz töhfəsini ortaya qoyur, dünya ölkələrini bu həyati vacib amala səfərbər etmək səylərini nümayiş etdirir: “Səudiyyə Ərəbistanı Krallığının yaşıl enerjiyə keçidlə bağlı zəngin təcrübəsini nəzərə alaraq, biz Azərbaycanın COP29-a sədrliyi dövründə birgə təşəbbüslər həyata keçirməyi təklif edirik. İnanırıq ki iki ölkə arasında bu günədək iqlim dəyişikliyinə dair birgə səylərin müəyyən edilməsinə dair keçirilən məhsuldar görüşlər bu yolda gələcək əməkdaşlıq üçün möhkəm zəmindir”. 

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Reportyor.az

KARUSEL / SİYASƏT
Tarix: Dünən, 21:19