mobil versiya

Aİ-KƏŞ sammitinin 2026-cı ildə Ər-Riyadda keçirilməsi qərara alınıb




Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri liderlərinin sammitində qlobal geosiyasi vəziyyətlə bağlı fikir ayrılığına baxmayaraq, tərəflər enerji, ticarət və regional təhlükəsizlik məsələləri üzrə ortaq məxrəcə gəliblər.


Sammitdə KƏŞ ölkələrinin liderləri Qətər Əmiri Tamim bin Həməd Al Taninin Fələstin probleminin “iki dövlət” prinsipi əsasında həlli təklifini dəstəkləyiblər. Avropa dövlətlərinin liderləri də İsrail-Fələstin münaqişəsinin tezliklə nizama salınmasının vacibliyini qeyd ediblər.
Qətər Əmiri, həmçinin enerji və nəqliyyat sahəsində əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayaraq, bunu hər iki region üçün mühüm amil adlandırıb. O əlavə edib ki, daha yaxşı gələcək naminə Aİ və KƏŞ arasında əlaqələri gücləndirmək lazımdır.
KƏŞ-in Baş katibi Casim Mohammed Əl Budeyvi liderlərin iştirakı ilə keçirilən ilk sammiti son illərin ən uğurlu görüşlərindən biri kimi xarakterizə edib. O, qəbul edilən birgə Bəyannamənin ticarət, investisiya, təhlükəsizlik və çoxtərəflilik kimi sahələri əhatə edən diplomatik uğurun təzahürü olduğunu vurğulayıb.
Şuranın Baş katibi ticarət və enerji sahəsində əməkdaşlığa əlavə olaraq, Körfəz Əməkdaşlıq Şurası vətəndaşları üçün Şengen vizasının ləğvi ilə bağlı danışıqlara diqqət çəkib. O, region vətəndaşlarının Avropaya iqtisadi və mədəni töhfələrini vurğulayaraq bildirib ki, Avropada KƏŞ ölkələri vətəndaşlarının olması müsbət bir haldır.
Aİ və Körfəz Əməkdaşlıq Şurasının liderləri sammitin münasibətlərdə yeni fəslin başlanğıcı olduğunu vurğulayıblar. Bəzi məsələlər üzrə, xüsusən də Ukraynadakı münaqişə ilə bağlı fərqli mövqeləri etiraf etməklə yanaşı, dövlət və hökumət başçıları beynəlxalq hüququn və sabitliyin ümumi prinsiplərinə sadiq qalıblar.
Növbəti Aİ-KƏŞ sammitinin 2026-cı ildə Ər-Riyadda keçirilməsi və yüksək səviyyəli görüşlərin davam etdirilməsi qərara alınıb.

KARUSEL / DÜNYA
Tarix: 17-10-2024, 10:52