Elza Seyidcahandan döyülmə xəbərinə REAKSİYA — “Qıcolmadan əziyyət çəkirəm”
Əməkdar artist Elza Seyidcahan xəstəxanaya yerləşdirilməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
Sənətçi “Ölkə.Az”ın əməkdaşı ilə söhbətində bildirib ki, hazırda xəstəxanada müalicə alır.
“Hazırda xəstəxanadayam. Başımda ağrılan var. Qıcololmadan əziyyət çəkirəm. Həkimlər hələ ki, bir diaqnoz qoymayıblar”.
Əməkdaşımızın “Əvvəllər də sizdə bu əlamətlər olub?” sualına əməkdar artist bildirib ki, belə bir xəstəlikdən heç vaxt əziyyət çəkməyib.
“Xeyr, yaşadığım stressdən, əsəbdən bu vəziyyətə düşmüşəm”.
E. Seyidcahan bacısına görə, narahat olduğunu da dilə gətirib.
“Bacımın vəziyyəti indi yaxşı deyil, o da çox pis vəziyyətdədir. O da təcili yardımla xəstəxanaya çatdırılıb, həkim nəzarəti altındadır. Bacım üçün çox narahatam. Mən özüm hazırda “Semaşko” xəstəxanasının yanında tədris terapiya şöbəsində müalicə alıram. Biz ikimiz də zərbə almışıq. 102 xidmətinə rəsmi şəkildə müraciət etmişəm. Məsələ araşdırılacaq. Ölkəmin hüquq mühafizə sisteminə inanıram. İnanıram ki, məsələ lazımı səviyyədə araşdırılacaq və günahkarlar layiqincə cavablarını alacaqlar. Bunu dəfələrlə cənab Prezident söyləyib, məmur özbaşınalığına son qoyulmalıdır. Onlar öz yerlərini bilməlidir”,- deyə əməkdar artist vurğulayıb.
Qeyd edək ki, Elza Seyidcahan seçki günü özünün və bacısının təzyiqə məruz qalması ilə bağlı video paylaşmışdı. Videoda onun xəsarət aldığı bildirilirdi. Seyidcahana təcili yardım çağrılıb. Xızıda olan müğənni ilkin yardım edilməsinə imkan verməyib və Bakıya gətirilməsini istəyib. Bacısı və kürəkəninin köməkliyi ilə maşına otuzdurulan Elza Bakıya gətirilib və xəstəxanaya yerləşdirilib.
KARUSEL / GÜNDƏM / HADİSƏ / ÖLKƏ
Tarix: 11-02-2020, 15:20