mobil versiya

Ombudsman 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar bəyanat yayıb



Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Reportyor.az xəbər verir ki, bəyanatda deyilir.

“Azərbaycan xalqının milli azadlıq ruhunun, müstəqillik arzusunun qarşısının alınması məqsədilə keçmiş SSRİ qoşunlarının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə mülki əhaliyə qarşı amansızcasına törətdiyi qanlı hadisədən – 20 Yanvar faciəsindən 35 il ötür.
Ölkəmizə qarşı keçmiş SSRİ rəhbərliyinin qərəzli münasibətinə, tarixi torpaqlarımız olan indiki Ermənistanın ərazisindən azərbaycanlıların deportasiyasına və Azərbaycana qarşı Ermənistanın əsassız ərazi iddialarına etiraz edən xalqımızın iradəsini qırmaq üçün insanlıq əleyhinə törədilmiş bu ağır cinayət nəticəsində Bakıda və respublikamızın digər bir neçə rayon və şəhərlərində qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 150 nəfər dinc sakin öldürülüb, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilib.
Həmin gün azadlıq naminə meydanlara çıxan xalqımızın qəhrəmanlıq salnaməsi olmaqla yanaşı, silahsız insanların qorxmadan şərəf və ləyaqətlə azadlıq uğrunda mübarizə apardığı tarixi bir gündür. Günahsız insanlara qarşı vəhşicəsinə törədilmiş terror aktına baxmayaraq, Azərbaycan xalqı öz müstəqilliyinə qovuşub.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev təzyiqlərə və həyatına yarana biləcək təhlükəyə baxmayaraq, 1990-cı il 21 yanvar tarixində ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib, sərt bəyanat verərək bu ağır cinayətin SSRİ rəhbərliyi tərəfindən törədildiyini dünya ictimaiyyətinə çatdırıb. Yalnız Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi.
Beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin həmin dövrdə bu hadisənin törədilməsini qınamaması daha sonra ermənilər tərəfindən torpaqlarımızın işğal olunmasına və xalqımıza qarşı soyqırımı aktlarının törədilməsinə rəvac verib.
Ovaxtkı SSRİ rəhbərliyinin əmri ilə icra olunmuş insanlıq əleyhinə cinayət nəticəsində BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn ümumtanınmış norma və prinsipləri, o cümlədən keçmiş Sovet İttifaqının iştirakçısı olduğu beynəlxalq müqavilələrin tələbləri kobud şəkildə pozulmuş və insan hüquqları ciddi şəkildə tapdalanıb.
Lakin təəssüflə qeyd etmək istərdik ki, beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, insanlıq əleyhinə törədilmiş bu cinayətə hələ də hüquqi qiymət verilməmiş, həmin qanlı cinayəti törətmiş şəxslər məsuliyyətdən kənarda qalıblar.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) olaraq, beynəlxalq cinayətlərin ən ağır növlərindən biri olan insanlıq əleyhinə cinayət kimi 20 Yanvar hadisələrinin tövsif edilməsini və bu cinayətləri törətmiş hərbi qulluqçularla yanaşı, onların icrasına əmr verən şəxslərin də cinayət məsuliyyətinə cəlb olunmasını təmin etmək üçün beynəlxalq təşkilatları və dünya ictimaiyyətini ədalətli mövqe nümayiş etdirməyə çağırıram”.
Qeyd edək ki, bəyanat BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətləri Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 14:40