mobil versiya

AZAL-ın qəzaya uğramış təyyarəsinə görə sığorta ödənişi edilib



Rusiyanın "Alfa Sığorta" şirkəti AZAL aviaşirkətinə məxsus Embraer təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı avia-kasko üzrə sığorta ödənişini tam şəkildə həyata keçirib.


Bu barədə "İnterfaks"a şirkətin aviasiya və kosmik sığorta üzrə baş direktor müavini İlya Kabaçnik məlumat verib. O, həmçinin sərnişinlərə dəyən zərərə görə ödənişlərin də başladığını bildirib.

Təyyarə "Alfa Sığorta" şirkətində sığortalanıb

"Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azerbaijan Airlines" (AZAL) şirkətinə məxsus Embraer 190 təyyarəsi, eləcə də aviaşirkətin sərnişinlər qarşısında məsuliyyəti "Alfa Sığorta" şirkətində sığortalanmışdı", - deyə Kabaçnik qeyd edib.
Onun sözlərinə görə, riskin əsas hissəsi "Rusiya Milli Təkrarsığorta Şirkəti"ndə təkrar sığortalanmışdı. Təyyarə üçün tam sığorta məbləğində ödəniş fevral ayında həyata keçirilib.
Kabançik avia-kasko üzrə ödənişin məbləğini açıqlamayıb. İzah edib ki, sığorta şirkəti rəsmi araşdırmanın başa çatmasını gözləmədən ödənişləri niyə həyata keçirə bilib.
"Qəzanın araşdırılması davam etsə də, ödənişlərin təşkili üçün yetərincə məlumatımız var. Sığortaçı kimi bizim üçün əsas məsələ təyyarənin məhv olması faktıdır, bu isə şübhə doğurmur. Həmçinin müharibə və terrorizm riskləri də sığortalanmışdı, buna görə də aviaşirkət istənilən halda sığorta ödənişini alır", - deyə o bildirib.
Sərnişinlərə dəyən zərərin hesablanması və aviaşirkətin məsuliyyət sığortası çərçivəsində zərərçəkənlərə və onların qanuni nümayəndələrinə ödənişlərin "Аlfa Sığorta" şirkəti tərəfindən yanvar ayında başladığı və hazırda davam etdiyi bildirilib.

Sığorta məbləği nə qədərdir?

Şirkətin aviasiya və kosmik sığorta üzrə baş direktor müavini qeyd edib ki, AZAL-ın Bakı-Qroznı reysi ilə bağlı sərnişindaşıma prosesi Azərbaycan və Rusiyanın iştirakçısı olduğu 1999-cu il Monreal Konvensiyası ilə tənzimlənir. "Alfa Sığorta" ilə AZAL arasında bağlanan müqavilə Rusiyaya həyata keçirilən reyslərdə riskləri əhatə etdiyi üçün, ödənişlər həm də Rusiyanın 67-FZ saylı məcburi daşıyıcı məsuliyyəti haqqında qanununa əsasən nəzərdə tutulur.
Bu qanuna görə, həyat və sağlamlığa dəyən zərərə görə ödəniş məbləği 2 milyon rubl müəyyən edilib və lazımi sənədlər təqdim edildikdən sonra ödənişlər tez bir zamanda həyata keçirilə bilər.
Aviaşirkətin üçüncü şəxslərə dəyən zərər üzrə məsuliyyət sığortası ilə bağlı müqavilə şərtlərinə toxunan Kabaçnik bildirib ki, "yerdə dəymiş zərərə dair hər hansı bir iddianın irəli sürüldüyü barədə məlumatımız yoxdur və belə iddialar gözlənilmir. Əgər belə hallar baş verərsə, biz onları aviaşirkətlə birlikdə müəyyən olunmuş qaydada həll edəcəyik".

AZAL-ın təyyarəsinin qəzaya uğraması

Qeyd edək ki, AZAL aviaşirkətinə məxsus Embraer təyyarəsininqəzası25 dekabr 2024-cü ildə baş verib. Təyyarə Bakıdan Qroznıya uçurdu, lakin iki uğursuz eniş cəhdindən sonra Aktauya yönəlib. Qazaxıstan hava limanına təxminən 5 km qalmış qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub (42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü Qırğızıstan vətəndaşı),onlardan 38-i həyatını itirib.
Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc etdiyi ilkin araşdırma hesabatına görə, AZAL təyyarəsi yerə çırpılmadan öncə "xarici obyektlər" tərəfindən zədələnib, bunun nəticəsində hidravlik maye və ya təzyiq itkisi baş verib. Hesabatda, Qazaxıstan tərəfinin Embraer gövdəsində aşkar etdiyi yad cisimləri müəyyənləşdirdiyinə dair heç bir nəticənin olmadığı qeyd olunub.
Araşdırmalar davam edir. Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev daha əvvəl bildirmişdi ki, AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına dair yekun araşdırma hesabatı 2025-ci ilin dekabr ayında dərc oluna bilər.(apa)
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 12:55