AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı yekun hesabat dekabra qədər təqdim ediləcək

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmaya dair yekun hesabat 2025-ci ilin sonuna qədər təqdim ediləcək.
Qazaxıstan KİV-ləri xəbər verir ki, bunu Astanada keçirilən mətbuat konfransında nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.
"ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) tələbləri, standartları və tövsiyə olunan təcrübəsinə əsasən, araşdırma bir il çəkir. Müvafiq olaraq, cari ilin dekabrına qədər araşdırma üzrə yekun hesabat tamamlanmalıdır", - o bildirib.
Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.(report)
KARUSEL / GÜNDƏM
Tarix: 19-02-2025, 10:24