“Venesiya” şadlıq sarayında baş verən zəhərlənmənin səbəbi məlum olub

“Venesiya” şadlıq sarayında (Bakı şəhəri, Xətai rayonu, General S.Mehmandarov küçəsi, ev 352) keçirilmiş toy mərasimində 55 nəfərin kütləvi qida zəhərlənməsi barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olan məlumat əsasında plandankənar yoxlama keçirilib.
Reportyor.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilir ki, məlumat daxil olduqdan dərhal sonra Agentliyin müfəttişləri hadisə yerində olub. Yoxlama zamanı ictimai iaşə obyektinin üçüncü mərtəbəsində yerləşən və tədbir zamanı qidaların hazırlandığı mətbəx sahəsində sanitar-gigiyenik və sanitar-texniki normativ hüquqi aktların tələblərinə zidd olan çoxsaylı ciddi nöqsanlar aşkar edilib. Müəssisədə dezinfeksiya işlərinin sənədləşdirilməməsi, işçilərin gigiyenik təlimlərə cəlb olunmaması, izləmə sisteminin olmaması, əl yuma şəraitinin təmin edilməməsi, havalandırma sistemlərinin işlək vəziyyətdə olmaması və istifadə edilən avadanlıqlarda (şişlər, işçi masalar, doğrama kötükləri) korroziya və təmizliklə bağlı ciddi çatışmazlıqlar müşahidə edilib. Həmçinin tullantıların idarə olunması, temperatur rejiminin qorunması və qida məhsullarının saxlanma şəraitində də ciddi pozuntular qeydə alınıb.

Müayinələr nəticəsində obyektdə qida məhsullarının hazırlanması və saxlanması zamanı sanitar-gigiyenik tələblərə riayət edilməməsinin və çarpaz çirklənmənin qida zəhərlənməsinə səbəb olduğu müəyyən edilib.

KARUSEL / HADİSƏ
Tarix: 30-04-2025, 19:04