Makron 15 yaşdan kiçiklər üçün sosial media qadağasını irəli sürəcək

Fransa prezidenti Emmanuel Makron, Fransanın şərqində bir məktəbdə ölümlə nəticələnən bıçaqlanma hadisəsindən sonra 15 yaşından kiçik uşaqlar üçün sosial medianın qadağan edilməsi ilə bağlı Avropa İttifaqının tənzimləməsini tələb edəcəyini açıqlayıb.
Reportyor.az xəbər verir ki, Macron verdiyi müsahibədə yaxın bir neçə ay ərzində nəticələri görəcəyinə ümid etdiyini söyləyib.
"Əgər bu işə yaramasa, biz bunu Fransada etməyə başlayacağıq. Biz gözləyə bilmərik" deyə o, Haute-Marne əyalətinin Nogent şəhərindəki orta məktəbdə ölümcül bıçaqlanma hadisəsindən bir neçə saat sonra France 2 ictimai yayımçısına bildirib.
Çərşənbə axşamı polis çantada silah axtarışı zamanı 31 yaşlı məktəb köməkçisini bıçaqlayan 14 yaşlı şagirdi dindirib.
Baş nazir Fransua Bayrou parlamentə bildirib ki, hadisə tək bir hal deyil. Makron sosial medianın gənclər arasında zorakılığa səbəb olan amillərdən biri olduğunu deyib.
Müsahibədən sonra sosial media platforması X-də yazan Macron, belə bir tənzimləmənin ekspertlər tərəfindən dəstəkləndiyini deyib. "Platformaların yaşı yoxlamaq imkanı var. Bunu edin" deyə yazıb.
Makronun şərhləri dünya ölkələrində uşaqlar arasında sosial mediadan istifadəni məhdudlaşdırmağa yönəlmiş tədbirlər dalğası fonunda gəlir.
Avstraliya keçən il emosional ictimai müzakirədən sonra 16 yaşdan kiçiklər üçün sosial media qadağasını təsdiqlədi və Big Tech-i hədəf alan ən sərt qaydalardan biri ilə dünya üzrə yurisdiksiyalar üçün bir etalon təyin etdi.
Əksər sosial media 13 yaşdan kiçik uşaqların öz platformalarından istifadə etməsinə icazə verməsə də, Avstraliyanın onlayn təhlükəsizlik tənzimləyicisinin hesabatında uşaqların bu cür məhdudiyyətləri asanlıqla keçdikləri aşkar edilib.
KARUSEL / DÜNYA
Tarix: 11-06-2025, 12:51