Tibbi ləvazimat daşıyan mülki hava gəmisinin hədəf alınması yeni bir cinayətdir

"ABŞ və İsrail Məşhəd hava limanında Hindistandan İrana dərman və tibbi avadanlıqların daşınması üzrə humanitar missiya icra edən İran mülki hava gəmisinə qarşı törətdiyi hücum, beynəlxalq hüquq müstəvisində mülki aviasiya təhlükəsizliyinin pozulmasının və humanitar fəaliyyətlərə təcavüzün bariz nümunəsidir".
Bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda deyilir.
Bildirilir ki, belə bir addım nəinki beynəlxalq humanitar hüququn fundamental prinsipləri ilə ziddiyyət təşkil edir, həmçinin 1944-cü il Çikaqo və 1971-ci il Monreal konvensiyalarına əsasən, beynəlxalq aviasiya sahəsində qanunsuz və cinayət xarakterli əməl hesab olunur.
Digər tərəfdən, Cenevrə konvensiyalarına dair Əlavə Protokolun 52-ci maddəsinə əsasən, tibbi yardıma və ləvazimatların daşınmasına xidmət edən mülki nəqliyyat vasitəsinə hücum etmək müharibə cinayəti sayılır.
Hərbi və mülki hədəflərin bir-birindən fərqləndirilməsi kimi fundamental prinsipin aşkar şəkildə pozulması, bu hücumun icraçıları və sifarişçilərinin beynəlxalq məsuliyyətini daha da ağırlaşdırır. Əslində, baş verənlər sadəcə bir təyyarəyə hücum deyil; bu, mülki aviasiya təhlükəsizliyinə endirilən zərbə, humanitar missiyaların zəiflədilməsi və beynəlxalq hüquqi nizama təcavüzdür.
Bu cür davranışlar effektiv hüquqi və siyasi cavab almazsa, regionda mülki və yardım missiyalarına hücumların adiləşməsi kimi təhlükəli bir presedentə çevrilə bilər. Bu səbəbdən, aidiyyəti beynəlxalq qurumlar, xüsusən aviasiya, insan hüquqları və humanitar hüquq sahəsində məsul təşkilatlar bu hadisəni təcili, müstəqil və şəffaf şəkildə araşdırmalı, günahkarların məsuliyyətini müəyyən etməli və beynəlxalq hüquqi mexanizmlər vasitəsilə cavabdehlik, təqib və bu növ təhlükəli aktların təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görməlidirlər.
Müasir dünya sərhəd tanımayan cinayətkarlardan əziyyət çəkir və bununla mübarizə qlobal miqyaslı fəaliyyət tələb edir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 31-03-2026, 15:17



























