Avropa Komissiyası əlçatan mənzil üzrə ilk Avropa planını hazırlayır

Avropa Komissiyası əlçatan mənzil üzrə ilk Avropa planını hazırlayır və onun həyata keçirilməsi üçün maliyyə alətlərini genişləndirir. Bu çərçivədə investisiya platformaları, qrant və kreditlərin qarışıq maliyyələşdirilməsi, eləcə də özəl kapitalın cəlb edilməsi üçün mənzil istiqrazlarının buraxılması nəzərdə tutulur.
Bu barədə Avropa Komissiyasının mənzil siyasəti üzrə işçi qrupuna rəhbərlik edən baş direktor müavini Metyu Robert Bolduin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində baş tutan “Mənzil - qlobal koalisiyaların mərkəzində” adlı sessiyada bildirib.
“Əlçatan mənzil siyasəti G7, G20 və G77 gündəliklərində əsas yer tutmalıdır. Çünki əlçatan mənzil çatışmazlığı əmək bazarlarına, iqtisadi artıma və demoqrafik proseslərə birbaşa təsir göstərir”, - deyə Avropa Komissiyasının nümayəndəsi bildirib.
O qeyd edib ki, əlçatan mənzil çatışmazlığı işçilərin işə cəlb olunması imkanlarını məhdudlaşdıran amilə çevrilir, çünki insanlar iş yerlərinin yerləşdiyi ərazilərdə yaşaya bilmirlər. Bolduinin sözlərinə görə, bu vəziyyət artıq təkcə sosial sahəyə deyil, iqtisadiyyatın rəqabət qabiliyyətinə də təsir edir. (Trend)
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:10

























