İçərişəhərdə vahid rəqəmsal idarəetmə sistemi yaradılır

Şəhərlərin inkişafı strategiyalarla deyil, onların praktik tətbiqi ilə qiymətləndirilir və uğurlu icra üçün aydın baxış və sistemli yanaşma vacibdir.
Bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) İdarə Heyətinin sədri Rüfət Mahmud Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Tətbiqdə şəhər dəyər zənciri: Azərbaycanda ağıllı və dayanıqlı şəhər layihələrinin həyata keçirilməsi” mövzusunda tədbirdə deyib.
O bildirib ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yeni islahat mərhələsinə başladıqdan sonra “Ağıllı Qoruq” adlı üçillik transformasiya strategiyası hazırlanıb.
“Bu strategiya tarixi irsin qorunması, rəqəmsal transformasiya, infrastrukturun modernləşdirilməsi, turizmin inkişafı, ictimai xidmətlər, dayanıqlılıq və icma yönümlü idarəetməni vahid idarəetmə sistemində birləşdirir”, - deyə o qeyd edib.
R.Mahmud vurğulayıb ki, söhbət yalnız konseptual yanaşmadan getmir.
“Hazırda iri infrastruktur layihələrindən fasadların bərpasına, mobilliyin idarə olunmasından muzeylərin modernləşdirilməsinə, ictimai xidmətlərdən rəqəmsal sistemlərə qədər bir-biri ilə əlaqəli geniş layihələr portfelini daha sistemli və layihəyönümlü idarəetmə modeli ilə həyata keçiririk”, - deyə o bildirib.
Onun sözlərinə görə, İçərişəhər UNESCO-nun Dünya İrsi siyahısına daxil olan tarixi məkan olmaqla yanaşı, sakinlərin, biznes subyektlərinin, turistlərin, nəqliyyat və şəhər idarəçiliyi proseslərinin mövcud olduğu canlı şəhər məkanıdır.
“Uzun illər tarixi şəhərlər ya muzey məkanı kimi, ya da parçalanmış və reaktiv yanaşmalarla idarə olunurdu. Biz başa düşdük ki, bu model artıq dayanıqlı deyil”, - deyə o əlavə edib.
R.Mahmud bildirib ki, “Ağıllı Qoruq” yanaşması yalnız rəqəmsallaşma deyil, inteqrasiya olunmuş şəhər ekosisteminin qurulmasını nəzərdə tutur.
“Tarixi şəhərlərdə texnologiya arxa planda işləməli, mədəniyyət, memarlıq və icma isə ön planda qalmalıdır”, - deyə o vurğulayıb.
O qeyd edib ki, ilk mühüm addımlardan biri rəqəmsal kadastr sisteminin yaradılması olub.
“İlk dəfə olaraq binalar, torpaq istifadəsi, ictimai məkanlar, yeraltı infrastruktur, mühəndis-kommunikasiya xətləri və kommunal xidmətlər barədə məlumatları vahid rəqəmsal platformada birləşdirdik. Bu isə planlaşdırma, koordinasiya və operativ idarəetməni əhəmiyyətli dərəcədə yaxşılaşdırdı”, - deyə o bildirib.
R.Mahmud əlavə edib ki, tarixi şəhərlərin nəzarətsiz nəqliyyat və xaotik parklanma qarşısında həssas olduğunu nəzərə alaraq ağıllı mobillik idarəetməsi tətbiq olunub.
“İçərişəhərdə rəqəmsal nəzarət olunan nəqliyyat giriş sistemləri, tənzimlənən parklanma zonaları, avtomatlaşdırılmış ödəniş sistemləri və daha sərt nəqliyyat nəzarət mexanizmləri tətbiq etmişik. Bu, nəqliyyat yükünü azaltmağa, piyadaların rahatlığını artırmağa və tarixi şəhər mühitini daha yaxşı qorumağa kömək edib”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, ictimai xidmətlər və sakinlərlə kommunikasiya da əsas prioritetlərdəndir.
“Vətəndaşların müraciətlərini təqdim edə, prosesləri izləyə və administrasiya ilə birbaşa əlaqə saxlaya bildiyi mərkəzləşdirilmiş xidmət mərkəzi modeli yaratmışıq”, - deyə o bildirib.
R.Mahmud qeyd edib ki, turistlər və sakinlər üçün nəzərdə tutulmuş “İçərişəhər” mobil tətbiqi də istifadəyə verilib.
“Tətbiq vasitəsilə turistlər çoxdilli naviqasiya, muzeylər, tədbirlər və mədəni marşrutlar barədə məlumat əldə edir, sakinlər isə xidmət sifariş edə və problemləri birbaşa bildirə bilirlər”, - deyə o əlavə edib.
O bildirib ki, növbəti mərhələdə ağıllı kameralar və inkişaf etmiş şəhər monitorinq sistemlərinin tətbiqi planlaşdırılır.
“Bu sistemlər təhlükəsizliklə yanaşı, ictimai məkanların real vaxt rejimində necə fəaliyyət göstərdiyini anlamağa və qoruma risklərini idarə etməyə imkan verəcək”, - deyə o qeyd edib.
R.Mahmud əlavə edib ki, rəqəmsal ekosistemin genişləndirilməsi məqsədilə maliyyə və texnologiya tərəfdaşları ilə əməkdaşlıq gücləndirilir.
“Dünən "Birbank" ilə geniş strateji tərəfdaşlıq üzrə memorandum imzaladıq. Məqsəd nəqliyyat, ödəniş, bilet, rezervasiya, mədəni xidmətlər və bələdiyyə funksiyalarını vahid rəqəmsal həllər çərçivəsində birləşdirən inteqrasiya olunmuş şəhər xidmətləri ekosistemi yaratmaqdır”, - deyə o bildirib.
O vurğulayıb ki, bütün bu layihələr bir-biri ilə sıx bağlıdır.
“Rəqəmsallaşma qorumanı dəstəkləyir, qoruma turizmi inkişaf etdirir, turizm yerli biznesi gücləndirir, mədəniyyət şəhər kimliyini formalaşdırır, ictimai etimad isə uzunmüddətli dayanıqlılığı təmin edir”, - deyə R.Mahmud əlavə edib.
Sonda o qeyd edib ki, tarixi şəhərlər üçün əsas məsələ modernləşmə ilə autentikliyin qorunması arasında balansın təmin edilməsidir.
“Əgər tarixi şəhərlər innovasiya, irs, dayanıqlılıq və insan mərkəzli idarəetməni uğurla birləşdirə bilsələr, gələcəyin ən güclü şəhər modellərindən birinə çevrilə bilərlər. Mən inanıram ki, İçərişəhər də belə şəhərlərdən olacaq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir. (Trend)
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:43

























