Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" keçirilir

İyunun 9-da Bakı şəhərində “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı ikigünlük beynəlxalq tədbir işə başlayıb.
Sammit regional və türkdilli dövlətlərin maliyyə sistemlərinin qlobal maliyyə məkanına inteqrasiyasını sürətləndirmək məqsədilə yüksəksəviyyəli platforma kimi nəzərdə tutulub.
Tədbir Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə bank assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası, eləcə də digər tərəfdaş qurumların dəstəyi ilə keçirilir.

Sammit çərçivəsində 2026-cı il üzrə qlobal bankçılıq və maliyyə sektorunda əsas trendlər müzakirə olunacaq. Tədbirin hədəfləri regional əməkdaşlığın möhkəmləndirilməsi (tənzimləmələrin uyğunlaşdırılması, ödəniş sistemlərinin inteqrasiyası, müxbir bank əlaqələrinin inkişafı), beynəlxalq tərəfdaşlıqların təşviqi və ortaq maliyyə baxışının formalaşdırılmasıdır.
Tədbir çərçivəsində iştirakçılar regional inteqrasiya və beynəlxalq əməkdaşlıq; bankçılıqda rəqəmsal transformasiya; ödəniş və hesablaşma sistemləri; açıq bankçılıq və API ekosistemləri; süni intellektlə idarə olunan maliyyə və avtomatlaşdırma; kibertəhlükəsizlik və fırıldaqçılığın qarşısının alınması; komplayens, ÇPY və TM qarşısının alınması (AML/CFT); alternativ bankçılıq (İslam maliyyəsi daxil olmaqla); dayanıqlı və yaşıl maliyyə; investisiya imkanları; insan kapitalı, bacarıqlar və maliyyə savadlılığı mövzuları üzrə fikir mübadiləsi aparacaqlar.
Sammit bank-maliyyə sektorunun rəhbər şəxslərini, tənzimləyici orqanları, maliyyə sektoru üçün həll və texnologiya təminatçılarını, startapları, beynəlxalq ekspertləri, investorları və beynəlxalq maliyyə institutlarını bir araya gətirir. (Azərtac)
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 10:10



























