mobil versiya

Pakistanın Federal Ombudsmanı: Süni intellekt insan mərkəzli yanaşma ilə tənzimlənməlidir





Tarix boyu baş verən texnoloji inqilablar vətəndaşlarla dövlət qurumları arasındakı münasibətlərin mahiyyətini dəyişdirib, idarəetmə mexanizmlərinin və ictimai xidmətlərin inkişafına mühüm təsir göstərib. Bu baxımdan süni intellekt (AI) də istisna deyil. Əksinə, onun təsir dairəsi və inkişaf sürəti əvvəlki texnoloji yeniliklərlə müqayisədə daha geniş və daha sürətlidir.


Bunu Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər” mövzulu plenar sessiyada Pakistanın Federal Ombudsmanı Navid Kamran Baloş deyib.
O qeyd edib ki, bu gün süni intellekt dövlət idarəçiliyindən tutmuş təhsil, səhiyyə, ədliyyə, kommunal və digər ictimai xidmətlərə qədər bir çox sahədə qərarların qəbuluna, xidmətlərin göstərilməsinə və vətəndaşlarla dövlət arasında kommunikasiyaya ciddi təsir göstərir. AI texnologiyalarının tətbiqi xidmətlərin daha operativ, dəqiq və səmərəli təşkilinə şərait yaradır, eyni zamanda, resurslardan daha rasional istifadə imkanlarını genişləndirir.
“Lakin süni intellektin sürətli inkişafı və geniş tətbiqi insan hüquqları, ədalət və hüququn aliliyi baxımından yeni çağırışlar da yaradır. AI sistemlərinin qəbul etdiyi qərarların şəffaflığı, hesabatlılığı, ayrı-seçkiliyin qarşısının alınması, şəxsi məlumatların qorunması və insan ləyaqətinə hörmət kimi məsələlər xüsusi diqqət tələb edir. Əsas narahatlıq texnologiyanın özü deyil, onun insan hüquqlarına, fundamental azadlıqlara və sosial ədalətə göstərə biləcəyi təsirlərlə bağlıdır”, - deyə Pakistanın Federal Ombudsmanı bildirib.
Navid Kamran Baloş vurğulayıb ki, məhz buna görə də süni intellektin inkişafı ilə paralel olaraq onun idarə olunması və hüquqi tənzimlənməsi də təkmilləşdirilməlidir. İdarəetmə mexanizmləri insan mərkəzli yanaşmaya əsaslanmalı, şəffaflıq, hesabatlılıq və etik prinsiplər təmin edilməlidir.

Reportyor.az 







KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:16