“Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisinin açılış mərasimi keçiriləcək

İyunun 30-da Azərbaycan Milli Xalça Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan Türk dünyası həftəsi çərçivəsində “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisinin açılış mərasimi keçiriləcək.
Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Həyatboyu Öyrənmə Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Olğunlaşma İnstitutları tərəfindən təqdim olunan sərgi türk mədəniyyətinin ən mühüm yazılı irs nümunələrindən biri sayılan “Divanü lüğat-it-türk” əsərinin müasir bədii interpretasiyasını təqdim edəcək.
Ekspozisiyada təqdim olunan əsərlər “Divanü lüğat-it-türk”də yer alan sözlərdən, anlayışlardan, atalar sözlərindən və əsərdə əksini tapan zəngin mədəni irsdən ilhamlanaraq yaradılıb. Toxuculuq, tikmə, keramika, ağac və metal işləmə kimi ənənəvi sənət sahələrinə aid nümunələr Qaraxanlılar dövrünün memarlıq motivləri əsasında yenidən işlənərək müasir bədii təqdimatda nümayiş olunur.
Sərgidə həmçinin yazı mədəniyyətini əks etdirən mürəkkəb qabları və kitab cildləri, eləcə də miniatür sənəti vasitəsilə canlandırılmış uşaq oyunları, toy mərasimləri, döyüş və ziyafət səhnələri yer alacaq. Bu əsərlər türk xalqlarının tarixi-mədəni yaddaşını, ortaq dəyərlərini və sosial həyatını bədii ifadə vasitələri ilə ziyarətçilərə göstərəcək.
“Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” sərgisi dil, tarix, sənət və təhsili bir araya gətirərək minillik mədəni irsin müasir nəsillərə ötürülməsinə xidmət edəcək. Ekspozisiya tamaşaçılara “Divanü lüğat-it-türk”ün daşıdığı zəngin mənəvi və mədəni dəyərlərə yeni baxış bucağından nəzər salmaq, min ildən artıq bir dövrdə sözün dəyərə, dəyərin əmələ, əməlin isə mədəni davamlılığa çevrilməsi prosesini izləmək imkanı yaradacaq.
Qeyd edək ki, sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Cümhuriyyətinin Milli Təhsil Nazirliyi, Yunus Əmrə İnstitutu, Olğunlaşma İnstitutları və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil olunur.
Sərgi iyulun 13-dək ziyarətçilər üçün açıq olacaq.
Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 15:06


























