Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi izah

Mağaza şəbəkələri tərəfindən satılan hədiyyə kartlarında etibarlılıq müddətinin başa çatması ilə balansdakı vəsaitin silinməsini nəzərdə tutan şərtlər etibarsız hesab oluna bilər.
Bunu Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərrux Qasımov deyib.
Onun sözlərinə görə, hədiyyə kartı müstəqil əmtəə deyil və kartın alınması zamanı istehlakçı əslində gələcəkdə mağazadan məhsul əldə etmək məqsədilə əvvəlcədən pul vəsaiti – avans ödəyir.
“Hədiyyə kartı yalnız həmin ödənişi təsdiq edən vasitədir və tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin mövcudluğunu göstərir. Kartların üzərində yer alan “yalnız etibarlılıq müddəti ərzində istifadə edilə bilər”, “müddət bitdikdə kart yenilənmir və balansdakı məbləğ silinir” kimi müddəalar müqavilənin standart şərtləri hesab edilməlidir. Çünki bu şərtlər sahibkar tərəfindən əvvəlcədən hazırlanır və istehlakçının onların məzmununa təsir etmək imkanı olmur”, – deyə hakim bildirib.
F.Qasımov qeyd edib ki, müqavilə azadlığı prinsipi tərəflərə qanunvericiliyə zidd olmayan şərtlər müəyyən etmək imkanı versə də, bu prinsip standart şərtli müqavilələrdə istehlakçının hüquqlarını məhdudlaşdıran və sahibkara birtərəfli üstünlük yaradan müddəaların tətbiqinə əsas vermir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420-ci maddəsinə əsasən, təklif edən tərəfə əsassız olaraq öz öhdəliyinin icrasından imtina etmək imkanı verən, yaxud istehlakçını qanunla nəzərdə tutulmuş hüquqlardan məhrum edən standart şərtlər etibarsız sayılır”, – deyə o vurğulayıb.
Hakim bildirib ki, kartın etibarlılıq müddətinin başa çatmasını əsas gətirərək həm məhsulun təqdim edilməsindən, həm də əvvəlcədən ödənilmiş avansın qaytarılmasından imtina edilməsi Mülki Məcəllənin tələblərinə uyğun deyil.
“Belə şərtlər satıcıya öhdəliyini birtərəfli qaydada icra etməmək imkanı yaradır və istehlakçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu faktiki olaraq aradan qaldırır”, – deyə o əlavə edib.
F.Qasımovun sözlərinə görə, bu cür müddəalar həm Mülki Məcəllənin 420-ci maddəsinə, həm də mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq prinsipinə ziddir.
“Çünki hədiyyə kartı özü iqtisadi dəyər daşımır, yalnız əvvəlcədən ödənilmiş vəsaiti təsdiqləyir. Müddətin bitməsi ilə həmin vəsaitin silinməsi satıcının heç bir məhsul təqdim etmədən avans məbləğini özündə saxlamasına səbəb olur ki, bu da hüquqi əsas olmadan varlanma ilə nəticələnə bilər”, – deyə hakim bildirib.
O qeyd edib ki, hədiyyə kartlarında etibarlılıq müddəti başa çatdıqda balansın silinməsini nəzərdə tutan standart şərtlər etibarsız hesab edilməli, istehlakçının əvvəlcədən ödədiyi vəsait hesabına məhsul əldə etmək və ya qanunvericiliyin nəzərdə tutduğu digər hüquqlardan istifadə etmək imkanı qorunmalıdır. (Trend)
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 10:37


























