mobil versiya

DİM rəsmisi: Bu il yoxlanılan beynəlxalq dil sertifikatlarından 11-i saxta çıxıb






Bu il doktoranturaya qəbul prosesində yoxlanılan beynəlxalq dil sertifikatlarından 11-i saxta və ya qeyri-şəffaf üsullarla əldə olunduğu üçün qəbul edilməyib.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) aparat rəhbəri Vəfadar Misirov iyulun 29-da elektron imtahanlar korpusunda təşkil olunan “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, doktoranturaya qəbul imtahanlarında təqdim olunan beynəlxalq xarici dil sertifikatlarının keçid ballarına ekvivalentliyi və həqiqiliyinin yoxlanılması qaydaları 2023-cü ildə DİM-in Direktorlar Şurasının qəbul etdiyi qərarla tənzimlənir.
V.Misirovun sözlərinə görə, xüsusilə “TOEFL iBT Home Edition” formatında əldə olunan sertifikatlarla bağlı əvvəlki illərdə qeyri-obyektiv və qeyri-şəffaf hallar aşkar edildiyindən həmin sənədlər əlavə yoxlamadan keçirilir.
“Bəzi vətəndaşlar beynəlxalq sertifikatların niyə yoxlanıldığını soruşurlar. Lakin sertifikatları təqdim edən beynəlxalq qurum – “Educational Testing Service” (ETS) müəyyən hallarda sorğularımıza cavab olaraq bəzi sertifikatların saxta olduğunu təsdiqləyib. Buna görə də həmin sənədlərin yoxlanılması zəruridir”, – deyə o qeyd edib.
DİM rəsmisi bildirib ki, cari il ərzində yoxlanılan beynəlxalq dil sertifikatlarından 162-si təsdiqlənib, 11-i isə saxta və ya qeyri-şəffaf üsullarla əldə edildiyinə görə etibarsız sayılıb. Bəzi nüfuzlu xarici universitetlər də “TOEFL iBT Home Edition” sertifikatlarını qəbul etmir. ETS-in verdiyi səlahiyyət əsasında DİM təqdim olunan sertifikatların həqiqiliyini yoxlamaq hüququna malikdir və bu proses davam etdirilir. (Azərtac)

Reportyor.az 






KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 11:24