mobil versiya

BDYPİ: Hərəkət zamanı bütün təhlükəsizlik tədbirləri təmin edilməlidir





Zərdab–Ağcabədi avtomobil yolunda minik avtomobili ilə traktorun toqquşması nəticəsində 5 nəfərin həyatını itirməsi, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi yollarda təhlükəsizlik tələblərinə ciddi əməl olunmasının həyati əhəmiyyətini bir daha önə çıxarır.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hərəkət iştirakçılarına müraciətində bildirilib.

BDYPİ kənd təsərrüfatı texnikalarını, o cümlədən traktor və qoşqulu nəqliyyat vasitələrini idarə edən şəxslərin diqqətinə çatdırır ki, yol hərəkəti qaydalarına ciddi riayət edilməli, texnikanın sazlığı mütəmadi yoxlanılmalı, işıq cihazlarından və işıq əks etdirən tanınma vasitələrindən düzgün istifadə olunmalı, hərəkət zamanı bütün təhlükəsizlik tədbirləri təmin edilməlidir. Eyni zamanda, digər nəqliyyat vasitələrinin sürücüləri sürəti yol və hərəkət şəraitinə uyğun seçməli, təhlükəsiz ara məsafəsi saxlamalı, qarşıdakı yol sahəsinə daim nəzarət etməli və riskli manevrlərdən çəkinməlidirlər.
“Unutmaq olmaz ki, bir anlıq diqqətsizlik və təhlükəsizlik tələblərinə etinasız münasibət ağır, geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. BDYPİ bütün hərəkət iştirakçılarını qaydalara ciddi riayət etməyə, diqqətli və məsuliyyətli olmağa çağırır”,- deyə müraciətdə bildirilib.

Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 10:46