Məhkəmə Filippin vitse-prezidenti Duterteyə qarşı ağır təhdid ittihamları üzrə rəsmi ittiham elanı prosedurunu təxirə salıb

Filippin vitse-prezidenti Sara Duterte-nin hüquqşünaslar komandası cümə günü onun prezident Ferdinand Markos (kiçik), birinci xanım və Nümayəndələr Palatasının spikerinə qarşı ağır təhdidlər səsləndirmək ittihamı ilə bağlı rəsmi ittiham elanı prosedurunun təxirə salınmasına nail olub. Bu yeni hüquqi mübarizə onun 2028-ci ildə prezidentliyə namizədlik cəhdini təhlükə altına sala bilər.
Vəkil Pol Lim məhkəmə binasının qarşısında toplaşan jurnalistlərə və Duterte-nin tərəfdarlarına bildirib ki, müdafiə tərəfi prosesin təxirə salınması barədə vəsatət qaldırıb və məhkəmə bu vəsatəti təmin edib. Lim "Reuters" agentliyinə göndərdiyi mesajda qeyd edib ki, Duterte iş üzrə hələ öz mövqeyini (ittihamları qəbul və ya inkar etdiyini) bildirməyib. O deyib: "Vəsatətimiz həll olunana qədər rəsmi ittiham elanı təxirə salınıb".
Ötən şənbə günü məhkəmə həmin ittihamlarla bağlı Duterte-nin həbsi barədə qərar çıxardıqdan sonra o, girov müqabilində sərbəst buraxılmışdı.
Markosla ciddi fikir ayrılığı yaranmazdan əvvəl onun müttəfiqi və seçki kampaniyasında tərəfdaşı olmuş Duterte-yə qarşı açılan bu iş onun 2024-cü ildə keçirilən onlayn mətbuat konfransındakı çıxışına əsaslanır. Həmin vaxt o bildirmişdi ki, əgər özü öldürülərsə, prezidenti, onun həyat yoldaşını və əmisi oğlu – keçmiş spiker Martin Romualdesi öldürmək üçün bir muzdlu qatilə tapşırıq verib.
Dəyişkən xarakterli keçmiş prezident Rodriqo Duterte-nin 48 yaşlı qızı olan Duterte təhdidləri inkar edib və bildirib ki, onun sözləri kontekstdən çıxarılıb. Təqsirli bilinəcəyi təqdirdə, onu altı aya qədər həbs cəzası gözləyir.
Ağır təhdid ittihamları həmçinin Duterte-yə qarşı irəli sürülmüş impiçment şikayətinin bir hissəsini təşkil edir; hazırda Senat üzvlərinin andlılar qismində çıxış etdiyi impiçment məhkəməsi formatında bu məsələyə baxılır.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:08


























