İran "Pickaxe Mountain"dakı fəaliyyətlə bağlı məlumatların əsassız olduğunu bildirib

ABŞ Prezidenti Donald Trampın ölkənin "Pickaxe Mountain" (Kolang Kuh) ərazisindəki fəaliyyəti izlədiklərini açıqlamasından sonra, İran Xarici İşlər Nazirliyinin sözçüsü həmin ərazidəki fəaliyyətlə bağlı məlumatların əsassız olduğunu bəyan edib.
Reuters bu barədə məlumat verib.
Tramp keçən həftə ABŞ-ın "Pickaxe Mountain"a zərbə endirə biləcəyini söyləmiş və İranı ehtiyatlı olmağa çağırmışdı.
"Pickaxe"də müəyyən fəaliyyət müşahidə edirik. İrana məsləhət görürəm ki, hiyləgərlik etməsin, çünki onları çox sərt şəkildə vurmalı olacağıq", - deyə Tramp Respublikaçılar Partiyasının aralıq seçkilərlə bağlı qurultayındakı çıxışında bildirib.
İranın ciddi ziyan görmüş Natanz uran zənginləşdirmə obyektinin yaxınlığında yerləşən "Pickaxe Mountain" iki dərin tunel kompleksinə malik möhkəmləndirilmiş bir ərazidir.
Tramp azı iyul ayının ortalarından bəri "Pickaxe Mountain"a zərbələr endirməklə hədələyir.
ABŞ və İsrail 28 fevralda İrana hücum edib, İran isə buna cavab olaraq İsrailə və ABŞ bazalarının yerləşdiyi Körfəz ölkələrinə zərbələr endirib. ABŞ və İsrailin İrana, eləcə də İsrailin Livana endirdiyi zərbələr nəticəsində minlərlə insan həlak olub və milyonlarla insan məcburi köçkünə çevrilib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:07


























