mobil versiya

Azərbaycanın xaricə yatırdığı birbaşa investisiyaların 4,2 milyard dolları neft-qaz sektorunun payına düşüb




2026-cı ilin ilk yarısında Azərbaycandan xaricə yatırılan birbaşa xarici investisiyaların ümumi həcmi 5 milyard dollar təşkil edib.

Bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin ilk yarımilinə dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, xaricə yatırılan birbaşa investisiyalar üzrə xalis kəsir 4,4 milyard dollar olub.
“Xaricə yatırılan birbaşa investisiyaların 4,2 milyard dolları neft-qaz sektorunun payına düşüb”, - deyə Samir Nəsirov bildirib.
O qeyd edib ki, bu göstəricinin formalaşmasında əsas amil may ayında İtaliyanın aparıcı özəl enerji və yanacaq paylanması şirkətlərindən biri olan Italiana Petroli-nin 99,85 faizlik səhm paketinin alınması olub.
“Bu səhm paketinin alınması təxminən 3 milyard avro və ya 3,2-3,3 milyard dollar dəyərində olub”, - deyə AMB rəsmisi əlavə edib.
Samir Nəsirovun sözlərinə görə, 2026-cı ilin ilk yarısında Azərbaycan iqtisadiyyatına ümumilikdə 3,6 milyard dollar həcmində birbaşa xarici investisiya cəlb olunub.
“Bu investisiyaların 2,8 milyard dolları neft-qaz sektoruna, 877 milyon dolları isə qeyri-neft və qeyri-energetika sektoruna yönəldilib”, - deyə o bildirib.
AMB rəsmisi qeyd edib ki, bərpa olunan enerji layihələri də daxil olmaqla alternativ sahələr qeyri-neft sektoru çərçivəsində qiymətləndirilir.
Xidmətlər balansında nəqliyyat profisiti 941 milyon dollara çatıb
Samir Nəsirov Azərbaycanın xidmətlər balansının ənənəvi olaraq kəsirlə formalaşdığını da bildirib.
“Xidmətlər balansındakı kəsirin əsas səbəbi neft-qaz sektorunda və digər sahələrdə xaricdən tikinti və digər peşəkar xidmətlərin idxal olunmasıdır”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, bununla yanaşı, xidmətlər balansında dayanıqlı və artan profisit göstərən iki əsas istiqamət - nəqliyyat və turizm xidmətləri mövcuddur.
“Nəqliyyat xidmətləri üzrə profisit öz prioritetliyini qoruyur. Hesabat dövründə bu göstərici təxminən 10 faiz artaraq 941 milyon dollara çatıb”, - deyə Nəsirov bildirib.
O qeyd edib ki, nəqliyyat xidmətləri üzrə artımın əsas drayveri yalnız Orta Dəhliz deyil.
“İlk növbədə Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan layihələri çərçivəsində qeyri-rezidentlərə göstərilən yükdaşıma və tranzit xidmətləri, o cümlədən tarif gəlirləri bu artımda əsas rol oynayır. Neft və qaz qiymətlərinin yüksək olması bu gəlirlərin də artmasına şərait yaradır”, - deyə AMB rəsmisi əlavə edib.
Samir Nəsirov turizm xidmətləri üzrə də profisitin qorunduğunu bildirib.
“Ölkəyə gələn turistlərin sayında cüzi azalma dinamikası müşahidə olunsa da, turizm balansında profisit saxlanılıb. Altı ayın yekunlarına görə, turizm xidmətləri üzrə profisit 47 milyon dollar təşkil edib”, - deyə o bildirib. (Trend)


Reportyor.az 





KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:00