mobil versiya

Çin ABŞ-ı “kosmosda müharibəyə hazırlaşmağı dayandırmağa” çağırır






Çin ABŞ-ı kosmosda “müharibəyə hazırlaşmağı dayandırmağa” çağırdı; bu çağırış ABŞ Kosmik Qüvvələrinin ilk dəfə olaraq orbitə silah yerləşdirdiyini təsdiqləməsindən sonra səsləndirilib.

Pekin və Vaşinqton əsas geosiyasi rəqiblərdir və uzun müddətdir ki, kosmosda öz maraqlarını və strateji mövcudluqlarını genişləndirməyə çalışırlar.

ABŞ Kosmik Qüvvələri bazar ertəsi günü bildirib ki, onlar “düşmən tərəfin təcavüzkar hərəkətlərinə qarşı müdafiə olunmağa imkan verən... orbitdə kosmosa nəzarət silahları” yerləşdiriblər, lakin bu barədə ətraflı məlumat verməyiblər.

Çin Xarici İşlər Nazirliyi bu addıma qarşı çıxaraq, “kosmosun silahlandırılması, onun döyüş meydanına çevrilməsi və orada silahlanma yarışının aparılması” ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin sözçüsü Quo Jiakun mətbuat konfransında deyib: “Biz ABŞ tərəfini hərbi imkanlarını genişləndirməyi və kosmosda müharibəyə hazırlaşmağı dayandırmağa çağırırıq”.

ABŞ Kosmik Qüvvələri öz bəyanatında Çini xüsusi olaraq təhdid kimi qeyd edərək bildirib ki, Pekin “hərbi modernləşdirmə strategiyasının bir hissəsi kimi kosmik və kosmosa qarşı mübarizə imkanları” hazırlayır və tətbiq edir.

Qurum həmçinin digər geosiyasi rəqib olan Rusiyanı da qeyd edərək bildirib ki, Rusiya “kosmosda üstünlüyün gələcək münaqişələrdə həlledici amil olacağına” inanır.

Kosmosun silahlandırılması məsələsi elə kosmos uğrunda yarışın özü qədər qədimdir: Sovet İttifaqı 1957-ci ildə dünyanın ilk süni peyki olan “Sputnik”i orbitə çıxaran kimi, Vaşinqton və Moskva bu cür kosmik aparatların həm silahlandırılması, həm də məhv edilməsi yollarını araşdırmağa başlamışdılar.

Əvvəllər əsas narahatlıq kosmosda nüvə silahlarının yerləşdirilməsi ilə bağlı idi, lakin supergüclər və digər ölkələr 1967-ci ildə orbitdə kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edən Kosmos Müqaviləsini imzaladılar.

O vaxtdan bəri ABŞ, Çin, Rusiya və Hindistan həmin müqavilənin əhatə dairəsindən kənarda kosmosda mübarizə aparmağın yollarını, o cümlədən hərbi rabitə, müşahidə və naviqasiya üçün həyati əhəmiyyət kəsb edən rəqib peyklərini hədəf almaq üsullarını araşdırıblar.


Reportyor.az 




KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:38