Livanın Baş naziri: İsraillə birbaşa danışıqlar asan məsələ deyil

Livanın Baş naziri Nəvaf Salam bildirib ki, Livan adından danışıqlar aparmaq səlahiyyəti yalnız dövlətə məxsusdur və o, İsraillə birbaşa danışıqların asan məsələ olmadığını vurğulayıb.
Parlamentdə hökumətin hesabat iclasında çıxış edən Salam hökumətinin Livanın regional xəritədəki mövqeyini gücləndirmək istiqamətində işlər gördüyünü qeyd edib və Livan iqtisadiyyatının ərəb dünyası, xüsusilə də Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri ilə əlaqələrinin bərpasında uğur qazandıqlarını bildirib.
O vurğulayıb ki, dövlət hakimiyyətinin öz təsisatları və qüvvələri vasitəsilə bütün ölkə ərazisində bərqərar edilməsi, həmçinin müharibə və sülhlə bağlı qərarların yalnız dövlətin səlahiyyətində olması təmin edilmədən davamlı sabitliyə nail olmaq mümkün deyil.
"Mən sadəcə danışıqlar naminə danışıqlar aparan biri deyiləm, lakin Livan xalqının məqsədlərinə çatması üçün ən az itki ilə nəticələnən yolu seçmək dövlətin məsuliyyətidir", - deyə Salam bildirib.
O əlavə edib ki, danışıqların özü hüquqlardan imtina demək deyil, əksinə, həmin hüquqların diplomatik kanallar vasitəsilə bərpası vasitəsidir.
Çərçivə sazişi ilə bağlı məsələyə toxunan Salam deyib: "Bəzi şəxslərin çərçivə sazişinin məzmunu ilə razılaşmaması başa düşüləndir. Lakin onun Livan üçün yeni öhdəliklər ehtiva etdiyini iddia etmək suallar doğuran bir məsələdir".
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:37


























