mobil versiya

İslamabada yürüş: PTI mümkün "qarşıdurma" üçün hazırlıqları gücləndirir






"Pakistan Tehreek-e-İnsaf" (PTI) partiyası sentyabrın 27-də İslamabada təşkil olunacaq yürüş üçün hazırlıq işlərini sürətləndirib. Həmçinin, bir məkanda bir qrup şəxsin etiraz aksiyası zamanı polislə mümkün qarşıdurmaya hazırlaşdığını əks etdirən video yayılıb.

The News xəbər verir ki, videoda həmin şəxslərin hədəf almaq üçün sapandlar hazırladığı, otaqda isə içərisində güman ki, şüşə kürəciklər olan çoxsaylı kisələrin olduğu görünür. Bəzi şəxslərin gözyaşardıcı qaz hücumundan qorunmaq məqsədilə maskalardan istifadə qaydalarını məşq etdikləri də müşahidə olunur.

Videoda görünən şəxslərin kimliyi və görüntülərin harada çəkildiyi müstəqil şəkildə təsdiqlənməyib. Bununla belə, mənbələr videodakı hərəkətlərin sentyabrın 27-dəki yürüşə hazırlığın bir hissəsi olduğunu iddia edirlər.

Mənbələrin məlumatına görə, PTI müxtəlif bölgələrdən İslamabada tərəfdarlarını gətirməyi planlaşdırır və etiraz aksiyası üçün müxtəlif növ təchizatların hazırlanması istiqamətində işlər görür. Mənbələr həmçinin təxminən 3500 maska, 1500 ədəd gözyaşardıcı qaz kapsulu, 5000 sapand və 700 ədəd "Molotov kokteyli"nin (benzin bombası) hazırlandığını iddia edirlər. Məlumatlara əsasən, yürüş zamanı sapand və şüşə kürəciklərlə yanaşı, daşların da daşınması üçün hazırlıqlar görülüb. Bildirilir ki, sentyabrın 27-dək İslamabada təxminən 2000-3000 nəfərin gətirilməsi planlaşdırılır. İşçilərin hərəkətini və yürüşə hazırlığı asanlaşdırmaq məqsədilə Xayber-Paxtunxvanın Pəncabla həmsərhəd rayonlarında düşərgələrin qurulduğu qeyd olunur.

PTI bu xəbərləri əsassız və uydurma adlandıraraq, yalan məlumatların bir sui-qəsdin tərkib hissəsi kimi yayıldığını bildirib.

Eyni zamanda, Xayber-Paxtunxvanın Baş naziri Süheyl Afridi videodan və PTI-dən məsafə saxlayaraq, görüntülərdəki şəxslərin "Pakistan Tehreek-e-İnsaf" ilə heç bir əlaqəsinin olmadığını bəyan edib.
"The News" nəşrinə açıqlama verən Süheyl Afridi bildirib ki, videoda görünən şəxslərin heç biri PTI ilə əlaqəli deyil və qanunsuz fəaliyyətlə məşğul olan hər kəs həbs edilməlidir.

Süheyl Afridi qeyd edib ki, PTI-nin etiraz aksiyası dinc xarakter daşıyacaq və Konstitusiya ilə qanunvericilik çərçivəsində keçiriləcək. O bildirdi ki, qanunu pozan hər kəs həbs edilməli və onlara qarşı hüquqi tədbirlər görülməlidir. O qeyd etdi ki, reallıqla heç bir əlaqəsi olmayan əsassız məlumatlar yayılır. Sentyabrın 27-də keçiriləcək genişmiqyaslı yürüşə Xayber-Paxtunxva əyalətinin Baş naziri Süheyl Afridi rəhbərlik edəcək.


Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:11