Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquq və vəzifələri izah edilib.
Məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin müdafiə hüququnun və digər prosessual təminatlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.
Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb.
DTX-nin yaydığı məlumata görə, Azərbaycan vətəndaşları - Ramiz Ənvər oğlu Mehdiyev, Abbas Aydın oğlu Abbasov, Əli Əmirhüseyn oğlu Kərimli Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı görülən kompleks tədbirlər nəticəsində saxlanılıblar.
İttihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə yaradılaraq 4 iyul 2012-ci ildə xarici ölkədə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adı altında qeydiyyatdan keçirilən və “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın həmtəsisçiləri və rəhbərləri olmuş Abbasov Abbas Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri - Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər.
Belə ki, onlar 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən “Demokratik Qüvvələrin Milli Şurası” (Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət göstərən, həmçinin bu məqsədlə respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü İbrahim Məmməd Əziz oğlu və digərləri vasitəsilə qəbul etdikləri 933.828,40 manat məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəldiblər.
Cinayət işinin materiallarına əlavə edilən texniki sübutlara əsasən, “Milyarderlər İttifaqı” adlandırılan təşkilatın üzvlərinə yaşadıqları xarici ölkədə tabeliklərində işləyən və ya digər formada himayələrində olan Azərbaycan vətəndaşlarının 2013-cü ildə Prezident seçkiləri zamanı Azərbaycana göndərilmələri, onların hər birinin Azərbaycandakı qohumları və yaxınlarını cəlb edərək, xarici xüsusi xidmət orqanının təlimatına uyğun şəkildə mitinqlər və kütləvi iğtişaşlarda istifadə olunmalarını təmin etmələri barədə tapşırıqlar verilib.
Bildirilir ki, Ramiz Mehdiyev bu əməlləri ilə dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər edib, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət edib.
Bundan əlavə, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilən 17.000.000 manatdan artıq pul vəsaitini leqallaşdırıb.
Sözügedən əməllərlə bağlı Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham verilib. (Trend)
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 13:31


























