"ADEX 2026"da kamikadze robotları və yeni silahlar nümayiş olunacaq

ADEX 2026 sərgisində atıcı silahlar, kamikadze və müşahidə dronları, kamikadze robotları, sursatlar və artilleriya vasitələri nümayiş olunacaq.
Bunu Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Samir Ağababayev “ADEX” və “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransında deyib.
“İllər ərzində Azərbaycanın müdafiə sənayesi yerində dayanmayıb. ADEX 2026 sərgisində də bir sıra yeniliklər olacaq. Sərgidə nümayiş etdiriləcək məhsullar arasında atıcı silahları, kamikadze və müşahidə dronlarını, kamikadze robotlarını, sursatları, eləcə də artilleriya vasitələrini görə biləcəksiniz. Bu il sərgidə təqdim olunacaq yeni texnologiyaları yerində müşahidə etmək mümkün olacaq”, – deyə Samir Ağababayev bildirib.
Aparat rəhbəri qeyd edib ki, ADEX hərbi-texniki əməkdaşlığın inkişafı baxımından mühüm platformalardan biridir.
"Azərbaycan müdafiə sənayesi imkanlarını gündən-günə genişləndirir. ADEX ölkənin müdafiə sənayesində əldə etdiyi nəticələrin nümayiş etdirilməsi ilə yanaşı, beynəlxalq hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə də imkan yaradır", - o vurğulayıb.
Qeyd edək ki, sentyabrın 30-dan oktyabrın 2-dək Bakı Ekspo Mərkəzində 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi – “ADEX 2026” keçiriləcək. Qafqaz regionunun iri hərbi-texnoloji platformalarından olan sərgidə müasir hərbi texnologiya və avadanlıqlar, eləcə də Azərbaycanın müdafiə sənayesi kompleksinin imkanları nümayiş etdiriləcək.
Eyni tarixlərdə Bakı Ekspo Mərkəzində 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi – “Securex Caspian” da təşkil olunacaq.
Sərgidə iştirak üçün indiyədək 33 ölkədən 45 xarici nümayəndə heyəti qeydiyyatdan keçib.
Nümayəndə heyətlərinin təmsil etdiyi ölkələr arasında ABŞ, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Əfqanıstan, Gürcüstan, İordaniya, İraq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Latviya, Malayziya, Mərakeş, Monteneqro, Nigeriya, Özbəkistan, Pakistan, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Sudan, Şimali Kipr, Türkiyə, Türkmənistan, Ukrayna, Uqanda və Vyetnam yer alır.
Bundan başqa, ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan olmaqla 14 ölkə sərgilərdə milli pavilyonla təmsil ediləcək.
Ümumilikdə, “ADEX” və “Securex Caspian” sərgilərində 29 ölkədən 270-dən çox şirkət iştirakını təsdiqləyib. Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digər ölkələrin şirkətləri sərgilərdə stendlərlə iştirak edəcəklər.
"ADEX 2026"nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır. (Trend)
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:21


























