mobil versiya

Mikayıl Cabbarov: Biz Mərkəzi Asiya–Avropa dəhlizi üzərində yerləşirik və siyasətiniz nəticəsində açar rolunu oynayırıq




"Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə son illərdə qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Belə ki, yeni istehsal sahələri yaradılır, mövcud müəssisələr genişləndirilir, bunun nəticəsində investisiya və ixrac imkanları artır, yeni iş yerləri yaranır".

Bunu Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında deyib.

Nazir bildirib:
Bu istiqamətlərdən biri də ölkəmizin mineral xammal potensialından daha səmərəli istifadə etmək və metallurgiya sənayesini inkişaf etdirməkdir. Siz bu il yanvarın 13-də “Dəmirli” yatağının fəaliyyətə başlaması ilə bağlı oraya səfəriniz zamanı bu sahədə sistemli işlərin həyata keçirilməsi ilə bağlı təlimatlarınızı verdiniz. Nazirlər Kabineti tərəfindən Dövlət Proqramının hazırlanması ilə bağlı aprelin 1-də Sərəncam imzaladınız. İcazənizlə, bu gün diqqətinizə “Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın layihəsini təqdim etmək istərdim. Proqramın layihəsinin hazırlanmasına dəstək verən bütün qurumlara - Nazirlər Kabinetinə, nazirliklərə, qurumlara təşəkkürümü bildirirəm.
Proqramın əsas məqsədləri sadədir: bu, daha çox xammal hasil etmək deyil, bu, xammalı ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır.
Bu slaydda biz Dövlət Proqramının icmalını diqqətinizə təqdim edirik. Proqram bu məqsədə çatmaq üçün əsas istiqamətləri müəyyən edir. Bunlar mineral xammal bazasının genişləndirilməsi, mövcud istehsal güclərinin artırılması və yeni layihələrin həyata keçirilməsidir.
Dəmir filizi, alüminium, mis və qızıl əsas istiqamətlərdir. Eyni zamanda, yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi nəzərdə tutulur. Biz əsas istiqamətlərdir dedikdə, bu gün sübut edilmiş, istismarda olan yataqlara əsaslanırıq. Eyni zamanda, həm ilkin geoloji tədqiqatlar, həm bu gün əlimizdə olan məlumatlar və gələcək işlər bu siyahının genişlənəcəyinə bizdə əminlik hissi yaradır.
Burada dövlətin tənzimləyici və dəstəkləyici rolu ilə yanaşı, dövlət müəssisələrinin və özəl sektorun investisiya imkanlarından da istifadə olunacaq.

Proqramın əsas hədəfləri kifayət qədər böyükdür. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 2025-ci ilin orta dünya qiymətləri əsasında 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. 2027–2030-cu illərdə bu nəticələrin əldə edilməsi üçün bu dövr ərzində ümumilikdə 5,3 milyard manat investisiya nəzərdə tutulur.

Möhtərəm cənab Prezident, biz təqdimatda bu mövzuya bir daha toxunacağıq. Siz öz çıxışınızda bunu vurğuladınız. Digər dövlət proqramlarının təsdiqlənmiş maliyyə öhdəliklərini nəzərə alaraq, bu, büdcə və sərmayə qoyuluşu ilə yanaşı, uzunmüddətli, əlçatan maliyyələşmə mənbələrinin mövcudluğunu da şərtləndirir.
Proqramın layihəsində daha yüksək əlavə dəyər yaratmaq potensialına xüsusi diqqət yetirilir. Azərbaycanın mineral resurslarından daha yüksək dəyər yaratmaq üçün böyük imkanları var. Bunun bir yolu mövcud emal proseslərini təkmilləşdirmək və daha yüksək emal səviyyəli məhsullar istehsal etməkdir. Digər istiqamət isə yeni kəşfiyyat işlərinin aparılmasıdır. Yeni ehtiyatları müəyyənləşdirməliyik və iqtisadi cəhətdən səmərəli olan yataqları mərhələli şəkildə sənaye dövriyyəsinə daxil edəcəyik.

Dünyada metala və strateji minerallara tələbat sürətlə artır. Bunun əsas səbəbləri enerji keçidi, elektromobillik, enerji saxlama sistemləri, yarımkeçiricilər və süni intellekt infrastrukturu ilə bağlı artan tələbatdır. Bu səbəbdən ölkələr artıq yalnız filiz hasilatına deyil, emala, təkrar emala və yüksək əlavə dəyərli məhsulların istehsalına üstünlük verirlər. Ölkəmiz də bu dəyişikliklərdən istifadə etmək üçün çox gözəl imkanlara malikdir. Burada bizim resurs bazamız, enerji imkanlarımız və nəqliyyat infrastrukturumuz var. Təbii ki, bütün bu məsələlərin əsasında mövcud olan siyasi, makroiqtisadi sabitlik, Sizin uzaqgörən siyasətiniz və həyata keçirdiyiniz planlar dayanır.
Hesab edirik ki, ölkəmizin Orta Dəhliz üzərində yerləşməsinin və açar rolunu oynamasının da bu istiqamətdə böyük əhəmiyyəti var. İcazənizlə, bu mövzuya da toxunacağam.
Daxili potensiala nəzər saldıqda, ölkəmizdə qara, əlvan və qiymətli metallar üzrə təsdiqlənmiş ehtiyatlar mövcuddur. Alüminium, mis və qara metallurgiya üzrə müəyyən istehsal bazası artıq formalaşıb. Enerji infrastrukturu və kadr potensialı da mühüm üstünlükdür. İşğaldan azad edilmiş ərazilərdə yeni resurs imkanları var. Burada nəqliyyat infrastrukturunun inkişafı da yeni layihələr üçün artıq əlavə üstünlük yaradıb. Digər mühüm üstünlüyümüz Azərbaycanın əsas nəqliyyat dəhlizlərinə çıxışıdır. Bu, həm xammalın, həm də hazır məhsulların regional və beynəlxalq bazarlara çıxarılmasını asanlaşdırır.

Çağırışlarımız da var və burada biz bu çağırışları ünvanlamaq üçün nəzərdə tutulan yanaşmaları məruzə edirik. Əsas məsələlərdən biri hüquqi və institusional bazanın müasirləşdirilməsidir. Bu məqsədlə “Yerin təki haqqında” yeni qanun layihəsinin hazırlanması, beynəlxalq hesabatlılıq standartlarının tətbiqi və vahid elektron geoloji informasiya bazasının yaradılması nəzərdə tutulur.
Digər mühüm məsələ maliyyələşmədir. Dağ-mədən və metallurgiya layihələri böyük kapital və uzunmüddətli maliyyə tələb edir. Buna görə dövlətlə yanaşı, özəl sektor, o cümlədən bank maliyyələşməsi daxil olmaqla, beynəlxalq maliyyə resurslarından daha geniş istifadə imkanlarına baxılmalıdır. Səsləndirdiyiniz göstərişlərə görə təşəkkür edirəm.
İri layihələrin cəlbi üçün vergi, gömrük və investisiya təşviqləri də təkmilləşdirilməlidir. Sənaye və nəqliyyat infrastrukturuna dəstəyin genişləndirilməsi vacib istiqamətlərdən biridir. Sahə üzrə elmi potensialın artırılması, araşdırma və inkişafın dəstəklənməsi, həmçinin təhsil-sənaye əməkdaşlığının gücləndirilməsi nəzərdə tutulan istiqamətlərdəndir.

Dəyər zəncirinin inkişafına toxunaraq demək istəyirəm ki, proqramın əsas prinsiplərindən biri filizdən son məhsuladək dəyər zəncirinin ölkə daxilində qurulmasıdır. Təbii olaraq bu, bütün xammal növləri üzrə mümkün olmayacaq. Amma əminliklə deyirik ki, bir sıra istiqamətlər üzrə bu mümkündür və həyata keçiriləcək. Yəni kəşfiyyat və hasilatdan başlayaraq zənginləşdirmə, emal, yarımfabrikat və hazır məhsul istehsalına keçməliyik.
İlk mərhələdə yerli xammal potensialını reallaşdırmaq və mövcud yataqlar üzrə hasilatı artırmaq nəzərdə tutulur. “Dəmirli”, “Söyüdlü”, “Filizçay”, Naxçıvandakı yataqlar və digər perspektivli sahələr hesabına xammal bazasının genişləndirilməsi nəzərdə tutulur. Alüminium üzrə də mövcud istehsal zəncirinin genişləndirilməsi və yeni güclərin yaradılması planlaşdırılır və bu istiqamətdə müvafiq Sərəncamınız icra olunacaq.
Növbəti mərhələdə isə məqsəd daha yüksək əlavə dəyərli polad və alüminium məhsulları istehsal etməkdir. Bu məhsullar həm daxili sənayedə istifadə olunacaq, həm də ixrac ediləcək. Burada mən xüsusilə artıq xarici tərəfdaşlarla həyata keçirilən əməkdaşlığı da qeyd etmək istərdim. Belə ki, bu qəbildən olan son müqavilə bir həftə bundan öncə "AzerGold" dövlət şirkəti ilə Birləşmiş Ərəb Əmirlikləri şirkəti arasında bağlanmış sazişdir. Həmin sazişin şərtlərinə əsasən, Naxçıvanda yerləşən ehtiyatlarımızın birgə geoloji kəşfiyyatı həyata keçiriləcək.


“Daşkəsən” dəmir filizi layihəsi barədə məlumatı məruzə etmək istərdim. Bu layihənin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Burada yerli dəmir filiz mədəni, zənginləşdirmə və pelet istehsalı gücləri yaradılacaq. Eyni zamanda, isti briketlənmiş dəmir zavodunun yaradılması planlaşdırılır. Əsas məqsədlərdən biri istehsal olunan dəmiri ölkə daxilində metallurgiya müəssisələrində xammal kimi istifadə etməkdir. Paralel olaraq, ixrac imkanlarımız da artacaq. Beləliklə, dəmir filizindən başlayaraq növbəti emal mərhələlərinə qədər yerli sənaye zənciri formalaşacaq.
Alüminium üzrə əsas məqsəd mövcud istehsal zəncirini genişləndirmək və daha yüksək əlavə dəyərli məhsullara keçməkdir. Proqramın əhatə etdiyi dövrdə Elektroliz zavodunun illik gücünün 50 min tondan 100 min tona, yayma məhsullarının istehsalının isə 20 min tondan 50 min tona çatdırılması nəzərdə tutulur. Bundan əlavə, kalsinasiya və anod bişirmə zavodunun yaradılması, karbon anod bloklarının istehsalı planlaşdırılır.
“Zəylik” alunit yataqları üzrə araşdırmalar davam etdiriləcək. Məqsəd əlavə xammal bazasının iqtisadi potensialını müəyyənləşdirməkdir. Biz burada əsas olaraq müasir texnologiyaların inkişafına arxalanırıq. Nəticədə "Azəralüminium"un ixracının 2025-ci ildəki 252 milyon manatdan 2030-cu ildə 510 milyon manata çatdırılması nəzərdə tutulur.
Mis, qızıl və gümüş üzrə hasilat və istehsalın artırılması planlaşdırılır. Mis istehsalı əhəmiyyətli dərəcədə artırılacaq. Qızıl istehsalı isə həm mövcud, həm də yeni layihələr hesabına genişləndiriləcək. Nəticədə mis, qızıl və gümüş üzrə ümumi ixracın 2025-ci ildəki 600 milyon manatdan 2030-cu ildə 1,6 milyard manata çatdırılması gözlənilir. Qeyd edim ki, bu rəqəm 2025-ci ilin orta dünya qiymətləri əsasında hesablanmış proqnozdur.
Dövlət Proqramının layihəsində uğurlu icra üçün mühüm şərtlərdən biri də əsas icraçı qurumların koordinasiyalı fəaliyyətidir. Proqramın layihəsinə əsasən, ümumi tənzimləmə, əlaqələndirmə və nəzarət Nazirlər Kabineti tərəfindən həyata keçiriləcək. İqtisadiyyat Nazirliyi investisiya təşviqi, dövlət dəstəyi, sənaye siyasəti və sənaye infrastrukturunun inkişafını təmin etməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yerin təki üzrə hüquqi bazanın, geoloji standartların və hesabatlılıq sisteminin təkmilləşdirilməsinə, həmçinin geoloji kəşfiyyatın həyata keçirilməsinə dəstək verəcək. SOCAR “Daşkəsən” dəmir filizi layihəsi və müvafiq klasterin təmin olunması üçün zəruri qaz infrastrukturu təmin etməlidir. "AzərGold" “Daşkəsən” dəmir filizi, qızıl, mis və digər layihələrin inkişafını həyata keçirəcək. Azərbaycan İnvestisiya Holdinqi portfel şirkətləri vasitəsilə alüminium və digər metallurgiya layihələrinə cəlb olunacaq. Özəl sektorun əsas rolu isə yeni istehsal və emal güclərinə investisiyaların qoyulmasından ibarət olacaq.

İnvestisiya mühiti və maliyyələşmə imkanlarına toxunaraq demək istəyirəm ki, Dövlət Proqramının hədəflərinə çatmaq üçün investisiya mühitinin daha da təkmilləşdirilməsi qarşımızda hədəf kimi durur. Dövlət dəstəyi, investisiya təşviqləri və digər stimullaşdırıcı tədbirlər genişləndirilir. Hüquqi və institusional baza da müasir tələblərə uyğunlaşdırılmalıdır.
Maliyyələşmə imkanlarının genişləndirilməsi isə deyərdim ki, fikrimizcə, ən aktual məsələlərdən biridir. Təkcə bu sahə üzrə deyil, ümumilikdə sənaye sahəsinin qarşılaşdığı əsas çağırışlardan biri uzunmüddətli kreditlərə çıxışın mövcudluğudur. Xüsusilə nəzərə alsaq ki, dağ-mədən və metallurgiya layihələrində qərar qəbulundan və layihənin icrasına başlanmasından istehsala qədər ötən müddət 5 il və daha çox davam edir. Belə layihələr üçün uzunmüddətli maliyyələşmə imkanlarının olması xüsusi əhəmiyyət daşıyır. Bu, həm büdcə yükünün azaldılmasına xidmət edir, həm maliyyə ekosistemində, bank sistemində əlavə gəlirlərin yaradılmasını təmin edir. Bu baxımdan 10 il və daha uzun müddətə kredit imkanlarının genişləndirilməsi, yerli bankların iri və uzunmüddətli layihələrin maliyyələşdirilməsində iştirakının artırılması vacibdir. Burada obyektiv çağırış da var. Bu, ondan ibarətdir ki, bu gün banklarımızda obyektiv olaraq belə uzunmüddətli vəsait mənbəyi də olmaya bilir. Hazırda bu sahədə uzunmüddətli və güzəştli kreditləşmə imkanlarının kifayət qədər məhdud olduğunu qeyd etmək istərdim. Bu baxımdan, möhtərəm cənab Prezident, təklif edirik ki, Nazirlər Kabinetinin, Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Mərkəzi Bankın, Dövlət Neft Fondunun və digər aidiyyəti qurumların iştirakı ilə uzunmüddətli maliyyələşmə üzrə siyasət tədbirləri hazırlansın və müvafiq maliyyələşmə mexanizmləri müəyyənləşdirilərək diqqətinizə təqdim edilsin.

2027–2030-cu illərdə proqram üzrə ümumi investisiya ehtiyacı 5,3 milyard manat qiymətləndirilir. Bu vəsaitin 1,1 milyard manatı dövlət büdcəsi hesabına, 2,2 milyard manatı dövlət müəssisələrinin vəsaiti, o cümlədən kredit, yəni borc kapitalı, 2 milyard manat isə özəl vəsait, o cümlədən borc kapitalı hesabına formalaşacaq. Beləliklə, ümumi investisiyanın təxminən 80 faizi qeyri-büdcə mənbələrindən cəlb ediləcək. Bu baxımdan dövlət müəssisələrinin və özəl sektorun investisiya imkanlarının səfərbər edilməsi qarşımızda duran əsas məsələdir. Nəticədə yaradılacaq yeni güclər hesabına növbəti 4 il ərzində sektorun əlavə dəyərinin və illik ixrac potensialının 2,6 dəfə artırılması nəzərdə tutulur.
Proqram yalnız 2030-cu ilədək olan dövrü əhatə etmir, sonrakı mərhələ üçün də böyük inkişaf imkanları müəyyənləşdirir. “Filizçay” polimetal yatağında mis, sink və qurğuşun ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi imkanları o dövrə qədər qiymətləndiriləcək və yekunlaşdırılacaq. “Dəmirli” yatağında təxminən 470 min ton əlavə mis ehtiyatının istifadə potensialına baxılacaq. “Zəylik” alunit yataqlarının alüminium dəyər zəncirinin xammal bazasının formalaşdırılması imkanına dair yekun rəy formalaşdırılacaq. Bundan əlavə, o cümlədən xarici investorların ifadə etdiyi marağa əsasən, illik təxminən 200 min ton gücündə yeni ilkin alüminium müəssisəsinin yaradılması imkanı hazırda araşdırılır. Qarabağda və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi də nəzərdə tutulur.

Möhtərəm cənab Prezident, regional emal mərkəzi üçün ciddi potensial görürük. Uzunmüddətli məqsədlərdən biri Azərbaycanın strateji minerallar üzrə regional emal mərkəzinə çevrilməsi imkanını qiymətləndirməkdir. Son 10 ildə seçilmiş strateji metalların qiymətlərində ciddi artım müşahidə edilib. Növbəti 10 ildə isə bu metallara qlobal tələbatın daha da artacağı gözlənilir. Alüminium üzrə 23 faiz, mis üzrə 21 faiz, sink üzrə 15 faiz, qızıl üzrə isə 10 faiz artımın olacağı proqnozlaşdırılır. Azərbaycanın burada bir sıra imkanları və üstünlükləri var. Biz Mərkəzi Asiya–Avropa dəhlizi üzərində yerləşirik və siyasətiniz nəticəsində açar rolunu oynayırıq. Bakı Limanı və Bakı–Tbilisi–Qars dəmir yolu mühüm logistika imkanları yaradır. Ələt Azad İqtisadi Zonası və digər sənaye zonalarımız isə əlavə imkanlar təmin edir. Rəqabətqabiliyyətli enerji qiymətləri də ölkəmizin mühüm üstünlüyüdür. Bundan başqa, Mərkəzi Asiya və Cənubi Qafqazın xammal potensialına çıxış imkanları Azərbaycanın regional emal imkanlarını genişləndirə bilər.

Bu Proqramın təsiri təkcə dağ-mədən və metallurgiya sektoru ilə məhdudlaşmayacaq. İstehsal çoxaldıqca yükdaşımalar və logistika xidmətlərinə tələb artacaq, yerli podratçı və təchizatçı şirkətlər üçün yeni imkanlar yaranacaq. Yerli xammal və yarımfabrikat bazasının genişlənməsi yeni sənaye sahələrinin formalaşmasına şərait yaradacaq. İxtisaslı kadrlara tələbat artacaq. Bu da texniki bilik və bacarıqların inkişafını sürətləndirəcək, elmi potensialımıza töhfə verəcək. Ən əsası isə regionlarda məşğulluq və iqtisadi fəallıq artacaq. Yeni dəyər zəncirləri özəl investisiya və sahibkarlıq üçün də əlavə imkanlar yaradacaq.

Möhtərəm cənab Prezident, təqdim olunan Dövlət Proqramı Azərbaycanın mineral resurslarından daha səmərəli istifadə etmək, dağ-mədən, metal filizləri və metallurgiya sənayesini yeni mərhələyə çıxarmaq məqsədi daşıyır. Əsas yanaşmamız xammalı yalnız hasil etmək deyil, onu ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır. Proqramın icrası nəticəsində istehsal və ixrac imkanlarının genişləndirilməsi, idxalın əvəzlənməsi, yeni sənaye zəncirlərinin yaradılması və sektorun rəqabət qabiliyyətinin artırılması üçün ciddi imkanlar yaranacaq.
Möhtərəm cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, İqtisadiyyat Nazirliyi Dövlət Proqramının uğurlu icrasını, habelə bu istiqamətdə verdiyiniz tapşırıqların vaxtında, əlaqələndirilmiş şəkildə və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək üçün bütün resurslarını səfərbər edəcək, dağ-mədən və metallurgiya sənayesini ölkəmizin iqtisadi inkişafının etibarlı dayaqlarından birinə çevirmək istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.

Reportyor.az 



KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:38