Stalinin “varisim” dediyi adam – Cavab qaytardığına görə Beriya Voznesenskini “xərcləyib”
21 yanvar 1949-cu il... Bu tarixdə Moskvada, Böyük Teatrda Leninin vəfatının 25 illiyi münasibətilə tədbir keçirilib. İosif Stalin çox nadir hallarda geyindiyi generalissimus formasında zala daxil olanda sürəkli alqışlarla qarşılanıb. Natiqlər proletarların rəhbərindən daha çox Stalinin fəaliyyətinə dair nitq söyləyiblər, onun Leninin ən uğurlu davamçısı olduğunu vurğulayıblar. Stalin məruzəçinin nitqini qəfil kəsib və sərt şəkildə fikir bildirib:
-Amma təəssüf ki, indi bəzi yoldaşlar bu yolda azıblar...
Stalinin tədbirdəki bu ifadəsi Kreml məmurlarının bir çoxunu qorxuya salıb və onlara yaxşı məlum olub ki, Stalin yaxın zamanlarda böyük kadr dəyişiklikləri edəcək.
Köhnə komanda üzvləri bütün vasitələrə əl atıb Stalinin nəzərdə tutduğu kadrları təxmin edərək onları sıradan çıxarmağa cəhd ediblər. Bu kadrlardan biri də Nikolay Voznesenski olub. Stalin dəfələrlə Voznesenski haqqında yüksək fikirlər söyləyib. Hətta gələcəkdə onun dövlət başçısı olacağını da dilə gətirib.
Kim olub Nikolay Voznesenski? O, kadr məsələlərinə çox qısqanclıqla yanaşan Stalinin etibarını necə qazanıb?
Digər Kreml məmurları kimi Nikolay Voznesenski də siyasi karyerasına komsomoldan başlayıb. 1903-cü ildə Tulada anadan olan Voznesenski orta təhsil aldıqdan sonra Sverdlov adına Kommunist Universitetini bitirib. Tulada, Donetskdə və Leninqradda komsomol və partiya orqanlarında işləyən Voznesenski 1935-ci ildə Leninqrad şəhər soveti sədrinin müavini və Leninqrad vilayət plan komitəsinin sədri vəzifəsinə təyin edilib.
1937-ci ildə SSRİ Dövlət Plan Komitəsinin sədri Valeri Mejlauk həbs olunduqdan sonra Stalin bu mühüm posta namizədlər axtaranda Andrey Jdanov Nikolay Voznesenskini Stalinə təqdim edib və o, bu vəzifəyə təyinat alıb.
Ən qısa müddətdə Voznesenski Stalinin etimadını qazanıb. Məhz bu etimad nəticəsində Voznesenski öz vəzifəsi ilə yanaşı əvvəlcə Xalq Komissarları Soveti (Nazirlər Soveti) sədrinin müavini, sonra isə birinci müavini vəzifəsini də daşıyıb. Beləliklə, faktiki olaraq Voznesenski Stalinin iqtisadi məsələlər üzrə müavini olaraq ölkədə ikinci şəxs sayılıb. Sözsüz ki, köhnə komanda üzvlərindən daha cavan və enerjili olan Voznesenski Kreml məmurları üçün arzuolunmaz şəxsə çevrilib. Onlarda nəinki qısqanclıq, həm də qisas hissi yaranıb.
Stalinin mühafizəçisi və ailəsinə çox yaxın olan Georgi Eqnataşvili sonralar öz xatirələrində Voznesenski haqqında yazıb:
“Stalinin Voznesenskiyə inamı və etibarı böyük idi. Bağ məclislərinin birində hansısa məsələ müzakirə olunurdu. Amma heç kim məsələ ilə bağlı konkret təklif verə bilmirdi. Stalin bundan çox əsəbləşmişdi və əsəbini də gizlətmədi:
- Siz hamınız kor itlərə və pişiklərə bənzəyirsiniz. Mən öləndən sonra bu dövlət dağılacaq. Yeganə adam Voznesenskidir ki, dövlətin idarə olunmasını bilən mükəmməl şəxsdir. Bax, elə o da mənim davamçım olacaq.
Stalin bu sözləri dedi və otağı tərk etdi. Onun silahdaşlarını isə bu ifadələr çox pərt vəziyyətə salmışdı...”
Voznesenski çox bacarıqlı, işgüzar, savadlı olmağı ilə yanaşı, həm də çox təkəbbürlü olub. Məsələn, o, heç bir nazirə özü zəng vurmayıb. Göstərişlərini katiblər vasitəsi ilə verib.
Rusofillik Voznesenskinin ən nəzərəçarpacaq xüsusiyyəti olub. Bu haqda Stalin də bilib. Hətta məclislərin birində buna münasibətini də bildirib:
- Voznesenski nəinki erməniləri və gürcüləri, heç ukraynalıları da adam saymır.
Stalinin bu məsələyə görə Voznesenskiyə münasibəti dəyişməyib. Amma əsasən qeyri-rus millətlərindən olan Kreml məmurları, Mikoyan, Beriya, Kaqanoviç və digərləri Voznesenski ilə barışmaz mövqedə dayanıblar.
Bu haqda Anastas Mikoyan xatirələrində yazıb:
“Voznesenski enerjili və bacarıqlı kadr idi. Stalin ona həddən artıq səlahiyyət vermişdi və bunun nəticəsində də Voznesenski ambisiyalı, hamıya yuxarıdan aşağı baxan bir şəxsə çevrilmişdi. Stalinin onu özünə müavin təyin etməsi isə Siyasi Büroda böyük narazılığa səbəb olmuşdu. Əslində Voznesenski bu vəzifəyə uyğun deyildi. Onun nəzəri bilikləri olsa da, istehsalat təcrübəsi yox idi. Voznesenski kağız, iclas və kabinet məmuru idi...”
Nikolay Voznesenski mövcud dövrdə yeganə məmur olub ki, müşavirələrdə Stalinin təkliflərinə qarşı açıq fikir mübadiləsi aparıb, bəzən isə onun dedikləri ilə razılaşmadığını açıq söyləyib. Marşal Jukov bu haqda fikirlərini öz xatirələrində belə bölüşüb:
“Müşavirələrin birində Moskva ətrafında alman qoşunları məhv edildikdən sonra sovet qoşunlarının hücum planları müzakirə olunurdu. Voznesenski də Dövlət Müdafiə Komitəsinin üzvü kimi müşavirədə iştirak edirdi. Stalin əks-hücumların bütün istiqamətlərdə aparılmasını təklif edəndə, yeganə olaraq Voznesenski bu təklifə qarşı çıxdı və əsaslandırdı ki, eyni zamanda bütün istiqamətlər üzrə hücun etmək üçün ordunun maddi-texniki cəhətdən təchizatı mümkün olmayacaq. Onun bu fikrindən sonra Lavrenti Beriya ona irad tutdu:
- Yoldaş Voznesenski, siz Stalinin hesablamalarına şübhə ilə yanaşırsınız?
Voznesenski Beriyanın sualını cavabsız qoymadı:
- Lavrenti Pavloviç, biz bura ciddi məsələləri müzakirə etmək üçün yığışmışıq, replika atmaq üçün yox.
Müşavirənin sonunda Stalin Voznesenskinin fikirləri ilə razılaşdı...”
Nikolay Voznesenskinin fəaliyyətindən daha çox Beriya və Abakumov narahat olub və onlar çox ciddi çəkildə onu siyasi səhnədən uzaqlaşdırmaq üçün planlar çızıblar.
Nəhayət, 1949-cu ilin mart ayında Beriya və Abakumovun canfəşanlığı sayəsində “Leninqrad işi” adı ilə məşhur olan istintaqa Voznesenskini də cəlb ediblər. O, bu işdə sovet rəhbərlərinə qarşı gizli planlar hazırlayan qrupun üzvü kimi ittiham olunub.
Voznesenski 1949-cu ilin martın 7-də bütün vəzifələrindən azad olunub, Siyasi Büro üzvlüyündən xaric edilib. Yeddi ay işsiz qalan Voznesenski dəfələrlə Stalinin qəbuluna düşməyə cəhd edib, amma qapılar onun üzünə bağlı qalıb. Yazdığı məktublar, telefon zəngləri heç bir nəticə verməyib. Oktybrın 27-də Voznesenski həbs olunub.
30 noyabr 1950-ci ildə “Leninqrad işi” ilə bağlı məhkəmə yekunlaşıb. Məhkəmənin hökmü ilə Nikolay Voznesenski ən ağır cəzaya, güllələnməyə məhkum edilib. Məhkəmədən bir saat sonra hökm icra edilib.
1954-cü ildə Nikolay Voznesenskiyə (ölümündən sonra) bəraət verilib.
MANŞET / MARAQLI / KARUSEL
Tarix: 9-10-2019, 20:30