mobil versiya

Broyler toyuqları, ağır dərs yükü, zərərli vərdişlər... - Uşaq infarktına gətirən səbəblər



Yeniyetmələr arasında qəfil ölümlər artıb; həkim-kardioloq həyəcan təbili çalır

Xəbər verildiyi kimi, oktyabrın 18-də Oğuz rayonunun Çaldaş kənd tam orta məktəbində dərs zamanı 11-ci sinif şagirdi Zarina Əhməd qızı Əzizovanın qəflətən halı pisləşib. Məktəbli xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Zarina Əzizovanın ürəktutmasından dünyasını dəyişdiyi bildirilir. Qeyd edilir ki, onun atası da eyni səbəbdən gənc yaşında vəfat edib.
Dərsdə vəfat edən qızın atası da eyni səbəbdən ölübmüş — Foto
Son zamanlar yeniyetmələr arasında ürək xəstəliklərinin, qəfil ölümlərin, o sırada infarktın artma tendensiyası müşahidə olunmaqdadır. Bəs infarkt niyə bu qədər cavanlaşıb? Səbəb nədir - anadan gəlmə qüsur, yanlış qidalanma (fast-fud yeməkləri və s.), texnoloji amil (smartfon telefonlara, kömpüterə ifrat aludəçilik) yoxsa nə?
Həkim-kardioloq Famil Qaflanov mövzu ilə bağlı “Yeni Müsavat”a uşaqlarda infarktın olmasının bir neçə səbəbindən danışdı: “Texnologiyanın inkişafı ilə əlaqədar olaraq insanlarda hipodinamiya, yəni insanlar hərəkətsiz, daha tənbəl həyat sürürlər. Digər tərəfdən, zərərli vərdişlərin həddən artıq olmasıdır. Əvvəllər 15-16 yaşında gəncin siqaret çəkməsini görəndə təəccüblə yanaşırdıqsa, bu gün artıq məktəblərin 6-ci sinif şagirdləri zərərli vərdişlərə aludə olublar. Bu da səbəblərdən biridir. Digər təsir edən amillərdən biri genofonu dəyişdirilmiş qidalardır ki, bu həm ürək-damar xəstəliklərinin, həm də onkoloji xəstəliklərin artmasına gətirib çıxarır. Uşaqları broyler şirkətlərinin toyuqları ilə qidalandırmayın. Broyler xarakterli qidalardan uzaq durmaq, daha çox təbii qidalardan istifadə etmək lazımdır. Bəlkə də broyler şirkətləri bu açıqlamaya görə üstümə gələcəklər. Amma öz adıma deyirəm, bizim evdə broyler toyuğu qadağan olunmuş səviyyədədir. İldə bir, ya iki dəfə istifadə olunur. Onlar hamısı hormonal dərmanlardır ki, bu da bir çox xəstəliklərə gətirib çıxarır. Həm mədə-bağırsaq xəstəlikləri, həm də insanlar arasında artıq çəki problemlərinin yaranmasına səbəb olur. Çoxlu su içmək, hərəkət etmək lazımdır. Meyvə-tərəvəz qəbulu daha çox olmalıdır. Uşaqların, yeniyetmələrin idmanla əlaqəsi çox aşağı səviyyədədir. Uşaqlar daha çox zərərli vərdişlərə meyillənirlər, nəinki idmana”.
gfgh.JPG (28 KB)
Famil Qaflanov
Həkim qeyd edib ki, uşaqların həddən artıq dərslə yüklənməsi sağlam həyatdan uzaq durmasına şərait yaradır: “Uşaqlar yetəri qədər idmana vaxt ayıra bilmirlər. Məktəbdəki dərsdən sonra uşaqlar repetitor yanına gedirlər Uşaqları digər tərəfdən yükləmiş oluruq. Bu uşaqlara əlavə stress faktorudur, həm də onların sağlam həyat tərzi sürməsi üçün bir maneədir. Bunun üçün dərs yükünün azaldılmasını məsləhət görərdim. Təhsil Nazirliyi nə etmək lazım olduğunu daha yaxşı bilər. Ya məktəbdə tədrisi inkişaf etdirmək lazımdır ki, doğru-dürüst dərslər keçirilsin. Uşaqların repetitor yanına getməsi qismən azaldılsın. Amma bu gün uşaqları hər fənn üzrə əlavə repetitor yanına qoymasaq istədiyimiz tədrisi görməyəcəyik. Uşaqların tədrisinin aşağı olduğunu müşahidə edəcəyik”.
Qaflanov qeyd edib ki, yuxu rejimi ilə ürək-damar xəstəlikləri arasındakı əlaqə ilə bağlı maraqlı bir araşdırma aparılıb: “Daha çox yatanla, daha az yatan insan arasında infarkt olma riski arasında çox böyük fərq var. Misal üçün, 8 saat yatan insanın infarkt olma ehtimalı 10 faizdən aşağıdır. 6 saata qədər yatan insanın infarkt olma riski 20-25 faiz təşkil edir. 4 və ondan aşağı saat yatan insanların infarkt olma riski 50 faizə yaxındır. İndi görün, yuxu bizi nə qədər infarktdan qoruyur. Digər tərəfdən, qohum evlilik də ürək-damar xəstəliklərinin artmasına gətirib çıxarır. Qohumlarla nikah qurmaq lazım deyil. Ayrı bir genlə nikah quranda daha sağlam insanlar dünyaya gəlmiş olur. Bir sözlə, uşaqların ilk növbədə yuxu rejiminə diqqət olunmalıdır. Ən azı 7-8 saat yuxu alsınlar. Dərs yükü azaldılmalıdır ki, emosional gərginlik az olsun. Eyni zamanda, uşaqların texnologiyaya bağlı olması, onların hərəkətsizliyinə səbəb olur ki, ürək-damar xəstəliklərinin artmasına gətirib çıxarır”.
Qeyd edək ki, yaxın vaxtlarda infarkt keçirən xəstələrin müalicəsi ilə bağlı yeni layihənin hazırlandığı bildirilmişdi. Kardiologiya Konqresində Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov mediaya açıqlamasında deyib ki, Kardiologiya Cəmiyyəti və Səhiyyə Nazirliyi arasında bir neçə layihənin həyata keçirilməsi planlaşdırılır.

“Yeni Müsavat”
MANŞET / GÜNDƏM
Tarix: 22-10-2022, 13:22