Hindistanın müdafiə naziri Tacikistana gedir

Hindistanın müdafiə naziri Rajnath Sinqh 19-20 oktyabr tarixlərində Tacikistanın Düşənbə şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçıları Şurasının iclasında Hindistanı təmsil edəcək.
Yerli media xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, iclasda ŞƏT-ə üzv dövlətlər arasında çoxtərəfli əməkdaşlığın, xüsusilə ticarət, iqtisadiyyat, investisiya, əlaqələndirmə (kommunikasiya), innovasiya və mədəni-humanitar mübadilə sahələrində əməkdaşlığın gücləndirilməsi məsələlərinə diqqət yetiriləcək.
Nazirliyin bəyanatında qeyd olunur ki, Hindistan ŞƏT-in müxtəlif mexanizmlərində fəal iştirak edir və startaplar, innovasiyalar, rəqəmsal ictimai infrastruktur, eləcə də xalqlararası mübadilələr kimi sahələrdəki təşəbbüsləri vasitəsilə regional əməkdaşlığa töhfə verməyə davam edir.
Forumda həmçinin davam edən əməkdaşlıq təşəbbüslərinin gedişatının nəzərdən keçirilməsi və Təşkilatın maliyyə və institusional fəaliyyəti ilə bağlı qərarların müzakirə olunması gözlənilir.
Nazirliyin məlumatına görə, bu iclas Hindistana ŞƏT-ə üzv digər dövlətlərlə Təşkilat daxilində praktiki və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparmaq imkanı yaradacaq.
Hökumət Başçıları Şurasının əvvəlki iclası ötən il noyabrın 18-də Moskvada keçirilib və orada Hindistanı xarici işlər naziri S. Cayşankar təmsil edib. ŞƏT ən böyük transregional beynəlxalq təşkilatlardan biri kimi formalaşmış, nüfuzlu iqtisadi və təhlükəsizlik blokudur.
Təşkilat 2001-ci ildə Şanxayda keçirilən sammitdə Rusiya, Çin, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistan prezidentləri tərəfindən təsis edilib. Hindistan və Pakistan 2017-ci ildə təşkilatın daimi üzvləri olublar. Digər üzvlər sırasına İran və Belarus da daxildir. Aprel ayında Sinqh Qırğızıstanın Bişkek şəhərində keçirilən ŞƏT-ə üzv dövlətlərin müdafiə nazirlərinin iclasında iştirak edib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 09:21

























