mobil versiya

"Qarabağda Kosovo variantını tətbiq edə bilərlər"



“10 noyabr bəyanatında Azərbaycanın Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya silahlı qüvvələrinin 2025-ci ilin noyabrında fəaliyyət müddətinin bitməsi göstərilib. Azərbaycan cəmiyyətində bu müddətlə bağlı fərqli fikirlər, yanaşmalar var”.
Bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.
Onun sözlərinə görə, müəyyən bir qisim Rusiyanın həmin müddətdə Azərbaycanı tərk edəcəyinə şübhə ilə baxır, bəyanatda göstərilən ikinci müddətədək, yəni 2030-cu ilədək Rusiyanın qalacağını və bu müddətdə Qarabağ ermənilərinə hansısa statusun verilməsinə çalışacağını, hətta birgəyaşayışın təşkili və təhlükəsizliyini bəhanə gətirib, bu müddəti belə uzadacaqlarını düşünürlər.
Təhlilçi əlavə edir ki, ikinci qisim insanlar məsələyə daha nikbin yanaşıb, ilk beşillik tamam olan kimi Azərbaycanın etirazından sonra Rusiya hərbi kontingentinin ölkə ərazisini tərk edəcəyini və dövlət nəzarətimizin Xankəndi üzərində qısa müddətdə bərpa olunacağına inanırlar.
“Daha bədbin olanlar isə, “Rusiya girdiyi yerdən çətin çıxar” deyib, bizim Xankəndinə nəzarətimizin mümkün olmayacağı və mövcud status-kvonun hələ Rusiya tərəfindən illərlə uzadılacağı qənaətində olduqlarını tarixdən sitatlar gətirərək sübut etməyə çalışırlar”, - o qeyd edib.
İ.İsmayıl hesab edir ki, şübhə, nikbinlik və bədbinliklə müşayiət olunan bu yanaşmaların hər birində həqiqət yükü var - birində bir az çox, birində az, birində də nə az, nə çox: “İki ildir müharibə bitməsinə baxmayaraq, Rusiya hərbi kontingentinin yerləşdiyi ərazilərə Azərbaycanın perspektiv nəzarəti barədə hələ ki, real görsənə biləcək siyasi proseslər, planlar, konkret razılaşmalar yoxdur. Doğrudur, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması adı altında iki ilə yaxındır Qərbdə və Rusiyada aparılan danışıqlar, hətta razılaşmalar ərazilərimizə nəzarətin başlanğıc prosesi kimi də dəyərləndirilir. Amma bu prosesdə delimitasiya işləri belə reallaşmayıbsa, sülh müqaviləsi, demarkasiya, eksklav kəndlərin problemləri bilinməz zamanlara qalıbsa, Xankəndiyə Azərbaycanın nəzarəti masada deyilsə, Rusiya sülhməramlılarının missiyasının bitmə müddətinə də belə fərqli yanaşmaların olması təbiidir”.
Ekspert vurğulayır ki, narahatlıq yaradan perspektiv yalnız Rusiya hərbi kontingenti ilə bağlı deyil, Qərbin də Qarabağın statusu ilə bağlı ikili siyasəti hər zaman əleyhimizə işləyə bilər. “Necə? Əgər 2025-ci ilin mayında, yəni üçtərəfli razılaşmaya əsasən altı ay əvvəl Rusiyanın ərazidə qalmasına Azərbaycan etiraz bildirsə, Rusiya sakitcə qoşunlarını çəkəcəkmi? İndiki Rusiyaya baxanda inanmaq sadəlövhlük olar. Ukrayna müharibəsinin necə sonuclanmasının da təsiri fərqli ola bilər. Rusiya o zaman BMT-dən mandat istəyəcək və Qərb də ona dəstək olacaq. Səbəb kimi isə Azərbaycanın aqressivliyi bəhanə kimi göstəriləcək. Problem BMT masasına iki millət arasında heç bir barışıq meyillərinin olmaması məzmununda təqdim olunacaq, Rusiya bu ərazini tərk edərsə, guya soyqırım ola bilər və sülhməramlı kimi BMT tərəfindən mandatın verilməsinin məqsədəuyğunluğu əsaslandırılacaqdır. Dövlət başçısının son Şuşa çıxışından sonra həm Paşinyan, həm separatçı rejimin liderləri məhz “soyqırım” ifadəsini təsadüfən eyni vaxtda səsləndirmədilər. Havadarından gələn tezis belə idi. BMT Təhlükəsizlik Şurası da, böyük ehtimalla, bu müraciəti dəstəkləyəcək, sadəcə Rusiyanın bölgədə təkbaşına olmaması üçün beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə də çalışacaq. İstər yalnız Rusiya hərbçilərinin nəzarətinin davamı olsun, istərsə də beynəlxalq qüvvələrin, 2025-ci ildən sonra bu vəziyyət Azərbaycanın qəti şəkildə maraqlarına, mənafeyinə uyğun deyil. O zaman beynəlxalq təzyiqlə üzləşə bilərik. Yaxın tarixdə oxşar vəziyyətə Balkanlarda şahid olmuşuq. Kosova variantının tətbiq edilməsi, inzibati ərazi müəyyənləşdirməklə status verilməsi istiqamətində ciddi beynəlxalq tələb və təzyiqə məruz qalmağımız tamamilə mümkündür” - İ.İsmayıl bildirib.
Təhlilçi əlavə edir ki, qeyd olunanlar istisna olunmayan bir təhlükədir və bizim bu cür variantlara hazır olmağımız, daha doğrusu buna imkan verməməyimiz şərtdir: “Bu gün Azərbaycanın hərbi, siyasi, diplomatik uğurları ortadadır, amma uğurlu siyasət reallaşanda, həyata keçəndə yekun hədəfinə çatmış olur. Siyasətimizin hədəfi Azərbaycanın ərazi bütövlüyünə de-fakto nail olmaqdır. Xankəndi və ətrafına dövlət nəzarətini bərpa etmək üçün iki il müddətində zamanı süni şəkildə uzadan Ermənistan və havadarlarının siyasətinə qarşı daha konkret əks siyasət başlanmalıdır”.
İ.İsmayıl indiyədək uzadılan məsələlərə diqqət etməyi təklif edir: “Nəqliyyat infrastrukturlarının açılması; delimitasiya və demarkasiya işlərinin müəyyənləşməsi; sülh müqaviləsinin bağlanması üçün irəli sürülən “variantlar”; erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması və sairə. Tutaq ki, bu problemlərin hamısı, hətta sülh müqaviləsinin imzalanması belə baş tutdu. Bu faktorlar bizim Xankəndidə dövlət nəzarətimizi yaratmağa, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılamasına imkan verəcəkmi? Və ya, yuxarıda qeyd etdiyimiz kimi, BMT-nin sülhməramlı mandatı ilə beynəlxalq qüvvələrin Qarabağda yerləşdirilməsinə mane ola biləcəkmi? İndi qarşımızda Ermənistan və Rusiya dayanıb, prosesin bu istiqamətdə getməsi, ermənilərin məkrli soyqırım iddiaları qarşımıza qlobal güclərin hamısını çıxara bilərmi? Yenə də qeyd edək ki, istisna deyil”.
 
 
 
Təhlükəsizlik eksperti hesab edir ki, gözlənilən təhlükənin baş verməməsi üçün artıq Xankəndiyə tədricən nəzarətimizin həyata keçməsini gündəmə gətirib, masada müzakirəyə çıxarmağın zəruri olduğu ortadadır. Bu mərhələdə Qərbin yanımızda olacağı da mümkün variantdır. “Sülh müqaviləsinin imzalanamsı üçün Qərb də zamanı tezləşdirməyin tərəfdarıdır və buna çalışır, çünki Rusiyanın Cənubi Qafqazdan getməsi üçün Qarabağ münaqişəsində son nöqtənin qoyulması Qərbin siyasi hədəfidir. Amma məsələ uzanarsa Qarabağın statusunu birinci Qərb irəli sürəcək”.
 
İ.İsmayılın fikrincə, beynəlxalq şərtlər də bizim zamanı dəyərləndirməyimizi tələb edir. “Gələn il Türkiyədə prezident seçkiləri olacaq. Seçki ərəfəsində Türkiyədə kifayət dərəcədə mürəkkəb vəziyyət mövcuddur və bəzi nəticələr nəzərə alınmalıdır. Rusiya-Ukrayna müharibəsinin indiki mərhələsi də bizim üçün müəyyən üstün situasiyalar yaradır və bu da müsbət rol oynaya biləcək faktor ola bilər. O zaman sual oluna bilər: nədən başlamalı? Əlbəttə, erməni silahlı qüvvələrinin Qarabağdan tezliklə çıxarılmasından və Laçın yolundan. Bu yolda sərhəd-nəzarətimizin yaranması hadisələri olduqca sürətləndirə bilər. Xankəndinə nəzarət Laçın yolunun sonundakı sərhəd nəzarət məntəqəmizin olmasından başlayır”,- İlham İsmayıl vurğulayıb./azpolitika.info

MANŞET / GÜNDƏM
Tarix: 15-11-2022, 11:30