Xose Bernardo və qardaşı qıza görə bıçaqlanıb - ŞOK TƏFƏRRÜAT+VİDEO
Azərbaycanın tanınmış teleaparıcısı Xose Bernardo ötən gün gecə saatlarında tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
REPORTYOR.AZ xəbər verir ki, aparıcı APA TV-yə açıqlamasında hadisənin evlərinin qarşısında baş verdiyini deyib.
Onun sözlərinə, axşam radələrində evdə olarkən qardaşı Rəfael Hüseynovun həyətdə bir nəfərlə mübahisə etdiyini eşidib. Səsə çölə çıxan zaman artıq Rəfaelin qan içində olduğunu görüb: “Qardaşımın səsinə çıxdım evdən. Gördüm qardaşım bir nəfərlə əlbəyaxa dalaşır. Onda gördüm ki, qardaşım artıq bıçaqlanıb. Onun üstünü qanlı görəndə mən həmin oğlanla tutaşdım. O zaman mənə bıçaq necə dəyib, hiss eləməmişəm. Ondan sonra xəbərim yoxdur”.
Səs-küyə qonşular çıxan zaman həmin şəxs qaçaraq ərazidən uzaqlaşıb. Bu zaman təcili tibbi yardıma müraciət edilib. Yaralılar dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Xose Bernardo deyir ki, onları bıçaqlayan şəxsi qardaşı Rəfael Hüseynov əvvəllər tanıyıb:
“Bıçaqlayan şəxs qardaşımın indiki həyat yoldaşının keçmiş əri olub. Hesab edirik ki, hadisə qısqanclıq zəminində baş verib”.
Bəzi KİV-də və sosial şəbəkədə hadisənin Pirallahı rayonunda yerləşən restoranlardan birində, tərəflərin içkili vəziyyətdə baş verdiyi yazılsa da, Xose Bernardo bu məlumatın əsassız olduğunu deyir: “Hadisə evimizin qarşısında baş verib. Heç həmin günü restoranda olmamışıq. Biz içki içən deyilik. Nə mən içirəm, nə də qardaşım. Elə bir şey olmayıb”.
3 saylı Şəhər Klinik Xəstəxanasının həkimi Aydın Kazımov bildirib ki, yaralılar xəstəxanaya daxil olarkən yaralılardan biri Rəfael Hüseynovun vəziyyəti ağır olub. İlkin müayinə zamanı yaralının bədənində 15 bıçaq yarasının olduğu üzə çıxıb: “Bıçaqlardan beşi döş qəfəsinin sol yarısının ön səthində, ikisi sol bazuda, ikisi sağ bazuda, boyunun sol və sağ yan səthində, hərəsində bir kəsilmiş-deşilmiş yara, bel nahiyəsində 4 ədəd kəsilmiş deşilmiş yara var idi. Çoxlu qan itirmişdi, şok vəziyyətində idi, rəngi avazımışdı”.
Xəstə dərhal əməliyyata götürülüb. Bu zaman məlum olub ki, bıçaq yaraları daxilə nüfuz edərək, Rəfael Hüseynovun bir neçə daxili orqanını yaralayıb: “Ağciyərdə 4 ədəd kəsilmiş-deşilmiş yaraları var idi. Hər biri tikildi, döş boşluğu drenaj olundu. Daha sonra aydın oldu ki, diafraqmada kəsilmiş və daxili orqana keçmiş yara var. Yara kanalı əməliyyat olundu. Yaralının dalağı da bıçaqla dəlinmişdi. Əməliyyat edilərək tikildi”.
Hazırda Rəfael Hüseynovun vəziyyəti orta ağırdır: “Xose Bernardonun sol qol nahiyəsində kəsilmiş deşilmiş yara var idi. Onun vəziyyəti orta ağır idi, hətta kafi kimi qiymətləndirmək olar. Həmin yara cərrahi işlənildi və ambulator müalicəyə göndərildi”.
Qeyd edək ki, teleaparıcı Xose Bernardo və qardaşını bıçaqlayan şəxs Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində artıq saxlanılıb. Həmin şəxs əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Abutalıb Hüseynovdur.
MANŞET / BANNER / KARUSEL / HADİSƏ / ÖLKƏ / REDAKTOR SEÇİMİ
Tarix: 11-11-2019, 21:23