Alman polisinə müqavimət göstərən hamilə Azərbaycan qadını - FOTO
“300 azərbaycanlı deportasiya olundu, biz isə”...
Almaniyanın “onetz.de” saytında gedən foto-şəkil diqqətimi çəkir. Bəlkə də “qan çəkir” ifadəsi belə bir məqamda daha çox yerinə düşərdi. Fotoda 5 nəfər yer alıb. Ana, ata, onların 2 oğlu və 1 qızı. Bu hələ hamısı deyil. Elnarə Quliyeva hamilədir. Hər şey qaydasında getsə, gələn ilin yanvarında Elnarə xanımın ikinci qız övladı dünyaya gələcək. Ancaq o, uşağın harada doğulacağı bəlli deyil. Söhbət ondan gedir ki, 6 il əvvəl Almaniyaya sığınmış bu ailəni Azərbaycana deportasiya etmək haqqında qərar verilib. Təsəvvür edirsizmi? 6 il Almaniyada ümidlə yaşa, gözlə və sonra... sənə desinlər ki, haradan gəlmisizsə oraya da dönməlisiz...
Fotodakı insanlarla siz də tanış olun: 33 yaşlı Elnarə, 36 yaşlı Cəfər, 13 yaşlı Cavanşir, 11 yaşlı Elnur və 2 yaşlı Veronika-Kristiana.
Bu ailə Almaniyanı tərk etməlidir. Ancaq hələ də ümid var. Belə ki, Quliyevlər ailəsi 2006-cı ildə Münhendə Daxili İşlər Nazirliyinin nəzdində yaradılan Bavariya Ağır Hallar Komissiyasına müraciət edib. Əgər komissiya bu ailə ilə bağlı müsbət qərar çıxarsa onlar Almaniyada qalmaq haqqına sahib olacaqlar. Əks təqdirdə, Almaniyanı tərk etməkdən başqa yol qalmayacaq...
“Almaniyada yaşayan azərbaycanlılar deportasiya olundu”, “Almaniyada sığınacaq ala bilməyən azərbaycanlı intihar etdi”... bu qəbildən olan başlıqlar Azərbaycan mətbuatında tez-tez gözə dəyir. Bəli, soydaşlarımız Almaniyaya axışır. Orada oturum almaq üçün bəzən müxalif partiyalardan saxta sənədlər də götürülər. Təbii ki, bu kimi sənədləri almaq da xeyli vəsait tələb edir. Hələ Avropaya “viza” açdırmaq üçün bir ətək pul vermək də lazımdır. Bəzən insanlar ev-eşiyini satıb ölkədən gedirlər. Bu işə görə ciddi şəkildə borca girənlər də az deyil...
Əminəm ki, Almaniya saytının söhbət açdığı bu ailə də oxşar çətinliklərdən keçib. Nə yazıq ki, 6 ildən sonra da bu çətinliklər başa çatmayıb...
"Ana, polis buradadır", böyük oğlu Cavanşir Whatsapp üzərindən ona mesaj göndərib. Ana isə hamilədir. Yanvarın 14-də dördüncü uşağının doğulacağı gözlənilir. Bu, yüksək riskli bir hamiləlikdir, buna görə də o, oktyabrın 11-dən üzü bəri Amberg klinikasında qalırdı. Oğlunun bu mesajından təxminən on beş dəqiqə sonra, Regensburgun Mərkəzi İmmiqrasiya İdarəsinin əməkdaşları, tibb işçiləri və polis içəri daxil oldu. Onlar bu vəziyyətdə olan qadını da Bakıya gedən 300 azərbaycanlı ilə birlikdə deportasiya etməkdə qərarlı idilər. Hamilə qadını da xəstəxanadan çıxarıb təyyarəyə çatdırmaq istəyirlər...
"Ağrı çəkdiyim üçün doğum otağında idim", deyə qadın göz yaşları içində xatırlayır. Daha sonra evdə nə baş verdiyini öyrəndim. Həyat yoldaşım Cəfərə qandal vurublar, Cavanşir və Elnuru başqa bir otağa salıblar, onlar isə hər şeyi açar dəliyindən izləyirmiş. Yalnız iki yaşlı Veronika-Kristiana yatıbmış...
Ana deyir ki, xəstəxanada deportasiyaya olunmağına müqavimət göstərib, hələ bu dünyaya gəlməmiş qızının taleyinə görə çox qorxurub...
Özüm də mühacirəm. 15 ildən çoxdur ki, İsveçrədə yaşayıram. Bu işin içində olduğuma görə, əminliklə deyə bilərəm ki, Elnarə xanım müqavimət göstərməsəydi onu da digər 300 azərbaycanlı kimi Bakıya yola salacaqdılar. Ancaq kritik vəziyyətdə olduğuna görə ona toxunmayıblar. Əks-təqdirdə, kimsə onun göz yaşına məhəl qoymayacaqdı...
Bu yaxınlarda Almaniyadan İsveçrəyə geri göndərilmiş bir ailə ilə bağlı qəzetdə bir məqalə oxudum. Deməli, ailə Bakıdan İsveçrəyə gəlib, buradan isə Almaniyaya gedib. Bir il sonra məlum olub ki, ailə öncə İsveçrədə olub. Dublin sazişinə görə sığınacaq almaq istəyən şəxs qədəm qoyduğu ilk Avropa ölkəsində sığınacaqla bağlı rəsmi orqanlara müraciət etməlidir. Ona görə də həmin ailəni Almaniyadan İsveçrəyə göndəriblər. Ən pisi isə odur ki, həmin ailənin də xanımı hamilə imiş. Almaniyada həkim qadına rəsmi arayış verib ki, o, hamiləliyi ağır keçirir. Heç bir halda o, uzaq səfərə çıxa bilməz. Buna baxmayaraq, Almaniya polisi gecə ilə həmin ailəni maşınla İsveçrəyə gətirib. Əlavə gərginlik qadının səhhətinə pis təsir edib və körpə tələf olub. Daha sonra tələf olmuş körpəni müsəlman qəbiristanlığında dəfn etmək üçün min bir əziyyətə qatlaşıblar. Sonda Türkiyədən olan soydaşlarımıza üz tutublar. Onların köməyi ilə dəfn üçün münasib yer tapıblar...
Biləsiz ki, mühacir həyatının bu kimi dəhşətli yaşantıları da ola bilər. Bəs Quliyevlər ailəsinin axırı necə olacaq? Kimsə bu suala birmənalı cavab verə bilməz. Almaniya saytı yazır ki, bu ailə Almaniya cəmiyyətinə gözəl inteqrasiya olunub. Alman dilini yüksək səviyyədə öyrəniblər. Bakıda polis nəfəri olmuş Cəfər bir müddət Almaniyada da işləyib.
O da ümid vericidir ki, bu ailəni himayə edən xeyli alman var. Onlar çalışırlar ki, Quliyevlər ailəsinə Almaniyada sığınacaq verilsin.
Bugünlərdə isə Elnarə Quliyeva xəstəxanadan buraxılıb. Polisin geri qayıdacağı qorxusu bu ailəni hələ də kabus kimi izləyir. Polis bildirib ki, deportasiya qərarının hökmü dayandırılıb. Əlbəttə, bu, müsbət hadisədir. Ancaq Quliyevlərlə bağlı Almaniyanın müvafiq orqanları son olaraq hansı qərarı verəcək? Ümidvaram ki, hər şey yaxşı olacaq. Bu boyda müsibətdən sonra başqa cür olmamalıdır...
https://www.onetz.de/oberpfalz/amberg/abschiebung-kreisssaal-heraus-id2907112.html?fbclid=IwAR2Dg13Tx2KMWV4I26TZBcu57rUejZVYBTTO-5qgiufuBkQwBbCs4AqCrog
musavat.com
MANŞET / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 27-11-2019, 11:25