mobil versiya

Məhərrəm Əliyevlə Kərəm Həsənovun əvvəlki vəzifələrinə kimlər təyin ediləcək – Ekspert açıqlayır



Ləğv edilən nazirlik və komitələrin birləşdirilməsi də yaxın zamanda başa çatacaq


Əliməmməd Nuriyev: “Prezident tərəfindən İqtisadiyyat Nazirliyinin əsasnaməsi təsdiq edilən gündən, o adlar dəyişdiriləcək”

Prezident İlham Əliyevin apardığı struktur islahatları çərçivəsində ölkədə bir neçə dövlət qurumu ləğv edilib və ya digərinə birləşdirilib. Lakin birləşdirilən qurumların binalarının üzərində əvvəlki adları hələ də qalmaqdadır. Sosial şəbəkələrdə bu məsələ müzakirə edilir. Deyilir ki, qurumlar birləşdirildiyi halda adlar nə üçün əvvəlki qaydada saxlanılıb. Ekspertlər bildirirlər ki, əsasnaməyə uyğun olaraq bu qurumların birləşdirilməsi prosesi hələ tamamlanmayıb.

Bəs qurumların birləşdirilməsi nə zaman başa çatacaq? Qurumların yeni rəhbərlərinin kimlər olacağı gözlənilir?
“Yeni Müsavat”a danışan ekspert Əliməmməd Nuriyev bildirib ki, prezidentin İqtisadiyyat Nazirliyi ilə bağlı müvafiq sərəncamı idarəetməni daha da təkmilləşdirməyə xidmət edir:

“Bunlar aparılan sosial-iqtisadi islahatların dərinləşməsi, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektoruna daha yüksək əlavə dəyərin yaradılması və ixrac potensialının artırılmasını nəzərdə tutur. Həmin sərəncamda qeyd edilir ki, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olsun. Yəni bu qurumlar artıq agentlik və ya komitə statusunda deyil, dövlət xidmətləri statusunda olacaq. İlk növbədə əsas diqqət edilməli məqam budur. Yəni onların öncə adları dəyişəcək. Sərəncamla artıq İqtisadiyyat Nazirliyi yanında dövlət vergi xidməti, əmlak məsələləri dövlət xidməti, antiinhisar və istehlak bazarına nəzarət dövlət xidməti yaradılacaq. Xüsusilə də prezident fərmanında qeyd etdi ki, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının tabeliyindəki qurumların strukturu, hüququ vəzifələri, əmək haqları ilkin mərhələdə dəyişməz qalır. Yəni hal-hazırda bu qurumlarda heç bir dəyişiklik yoxdur. Fərmanda həmçinin bildirilir ki, yeni əsasnamə təsdiq edilənədək, onlar öz fəaliyyətlərini mövcud əsasnamə əsasında davam etdirəcəklər. Başqa bir tərəfdən bildirilir ki, 2 ay ərzində yeni əsasnamə hazırlanıb, prezidentə təqdim olunsun. Yəni bu 2 ay müddətində birləşdirilən qurumların yerləşdiyi binanın üzərinə yazılan adları da olduğu kimi qalacaq. Prezident tərəfindən İqtisadiyyat Nazirliyinin əsasnaməsi təsdiq edilən gündən o adlar dəyişdiriləcək”.

Əliməmməd Nuriyev ile ilgili görsel sonucu

Ekspert söyləyib ki, bu prosesdən sonra xidmətə təyin edilən şəxslərin də adı dəqiqləşəcək:

“Hazırda xidmətlərin bəzilərində vakansiya var. Məlumdur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsində olan Kərəm Həsənov prezidentin köməkçisi təyin edilib. Onun yeri isə boş qalıb. Eyni zamanda Mikayıl Cabbarov da artıq vergilər naziri yox, iqtisadiyyat naziridir. Ola bilər ki, digər qurumların rəhbərləri yerində saxlanılsın, ola da bilər ki, başqası ilə əvəzlənsin. 2 ay ərzində hansısa dəyişiklik olmayacaq. Yalnız bundan sonra xidmətlərə yeni rəhbərlər təyin ediləcək. Kimlərin təyin olunması prezidentin iradəsindən asılıdır. Əsasnamə təsdiq edildikdən sonra İqtisadiyyat Nazirliyinə daxil olan dövlət orqanları da yeni əsasnamə hazırlamalıdır. Bu, artıq İqtisadiyyat Nazirliyinin özü tərəfindən təsdiq ediləcək. Hazırda qurumlar əvvəlki əsasnamə ilə fəaliyyət göstərdikləri üçün işlərində, işçilərinin maaşlarında dəyişiklik yoxdur. Ancaq 2 ay sonra yeni əsasnamədə fərqli hallar ola bilər. Bundan sonrakı fəaliyyətləri yeni əsasnamə əsasında tənzimlənəcək”.

Ekspert bildirib ki, prezidentin köməkçisi təyin edilən ədliyyə nazirinin müavini vəzifəsində çalışmış Məhərrəm Əliyevin yerinə təyinatla bağlı qanunvericilikdə konkret müddət nəzərdə tutulmayıb:

“Bu, artıq prezidentin iradəsindən asılı olan bir haldır. Qanunvericilik konkret vaxt qoymur ki, hansı müddətdə nazir müavinlərinin təyinatı həyata keçirilməlidir. Bu, birbaşa olaraq prezidentin səlahiyyətinə aid olan məsələdir”.
MANŞET / KARUSEL / ÖLKƏ
Tarix: 7-12-2019, 13:15