Rusiyada yaşayan azərbaycanlı milyonçu Fərhad Əhmədov Milli Məclisin deputatı olmaq istəyir?
Rusiyada yaşayan azərbaycanlı milyarder, tanınmış iş adamı Fərhad Əhmədov bugünlərdə özünün Facebook səhifəsində 2020-ci il fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə dair "yol xəritəsi" ilə çıxış edib.
REPORTYOR.AZ xəbər verir ki, F.Əhmədov öz yazısında Azərbaycanın siyasi arenasındakı mövcud durumu təhlil etməyə çalışıb.
Həm siyasi hakimiyyətin, həm də müxalifətin ünvanına tənqidi fikirlərin yer aldığı təhlildə göstərilir ki, son parlamentin tərkibində hakimiyyətdəki qruplaşmaların "cib deputatları" ilə yanaşı, təsadüfi adamlar və islahatlarla ayaqlaşa bilməyən şəxslər olub. Və buna görə də parlamentin ciddi keyfiyyət dəyişikliyinə, deməli yeni seçkiyə ehtiyac vardı:
"Boz kardinallar və hakimiyyətə yaxın dairələrin orada özlərinin "cib deputatları" vardı. Ona görə də başa düşürəm ki, bu ekipajla uzağa və hündürdən uçmaq təhlükəlidir. Deputat korpusunun keyfiyyət baxımından yenilənməsi lazımdır. İndi "kuklaoynadanlardan" qurtulmuşuq...".
Daha sonra ölkədə əsl konstruktiv müxalifətin mövcudluğunun vacibliyindən söz açan F.Əhmədov, Azərbaycanda belə bir müxalifətin olmadığını iddia edir. Hakimiyyətin bir neçə deputatı parlamentə “konstruktiv müxalifət” adı altında yerləşdirməsinin isə lazımi effekt vermədiyini bildirir.
Milyarder hesab edir ki, Azərbaycanda real müxalifət yoxdur və bu, daha çox neqativ nəticələr doğurur: “Formal şəkildə mövcud olan müxalifət hakim partiyanın filialıdır və bu halda alternativ xəttin hazırlanmasına çalışmır…”
Müxalifətin digər hissəsinin isə hakimiyyətlə sərt qarşıdurmada olduğunu yazan F.Əhmədov onun da ciddi perspektivlərini görmədiyini qeyd edir və təklif edir ki, yeni növbədənkənar seçkidə daha çox müstəqil namizədlərin parlamentdə təmsil olunmasına şərait yaradılsın. Milyarder hesab edir ki, məhz həmin müstəqil namizədlər gələcək əsl “konstruktiv müxalifətin” özəyini təşkil edə bilər.
Daha sonra konkret təkliflər irəli sürən iş adamı öz “yol xəritəsində” növbədənkənar seçkiylə bağlı “mütləq atılmalı olan addımlar”ı sadalayır. Bu addımların başında Mərkəzi Seçki Komissiyasının buraxılması və Seçki Məcəlləsinə kardinal dəyişikliklər edilməsi, xaricdə yaşayan və lobbiçilik fəaliyyətilə məşğul olan azərbaycanlıların seçkidə iştirakını təmin edəcək müddəaların qanuna daxil edilməsi kimi təkliflər var.
MANŞET / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 13-12-2019, 14:50