Rauf Arifoğlunun seçicilərlə görüşündə təxribata cəhd edən qadınlar ifşa olundu (FOTOLAR, VİDEO)
Deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də 35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlu seçicilərlə geniştərkibli görüş keçirib. Görüşdə iştirak edən bir neçə təxribatçı qadın tədbiri pozmağa cəhd edib. Onlar görüşdən dəqiqələr öncədən tədbir keçirildiyi zala gələrək, ön sıralarda yer tutublar. Toplantı başladıqda isə onlar namizədin nitqini kəsməyə, qarışıqlıq salmağa, R.Arifoğlunun tərəfdarlarını təhqir edərək, insident yaratmağa çalışıblar.
Həmin qadınlar namizədin xeyrinə çıxışlar səslənərkən xoşagəlməz replikalar ataraq, zalda gərginlik yaratmağa çalışıblar. Onlar hətta R.Arifoğlunun tərəfdarı olan qadınlara da fiziki güc nümayiş etdirmək üçün cəhd göstəriblər. Özlərini dairə üzrə digər namizəd İqbal Ağazadənin tərəfdarları kimi təqdim edən təxribatçılar nə qədər çalışsalar da, istəklərinə nail ola bilməyiblər. Çünki Rauf Arifoğlunun zaldakı seçiciləri öz namizədlərinin adını xorla səsləndirərək, ona olan dəstəklərini ifadə edib və təxribata uymayıblar.
R.Arifoğlu isə öz növbəsində tədbiri pozmağa cəhd edən qadınları da salamlayaraq, onlara “sizin hamınız bizim vətəndaşlarımız, soydaşlarımızsız. Kimi dəstəkləmək istəyirsizsə, onların yanında ola bilərsiniz” deyib. Deputatlığa namizəd bildirib ki, əslində digər namizədi dəstəkləmək üçün təhqir, qarışıqlıq və təxribatdan istifadə etmək o namizədin adını ləkələməkdir: “Siz öz dəstəklədiyiniz namizədin keçirdiyi görüşdə də iştriak edə, ona dəstəyinizi ifadə edə bilərsiniz”.
Musavat.com xatırladır ki, təxribata cəhd edən qadınlar zaldakı tərəfdarların reaksiyanı görərək, tədbiri yarımçıq tərk ediblər. Onlar eyni “Spinter” markalı avtobusa minərək, görüşün keçirildiyi məkandan uzaqlaşıblar.
Musavat.com
MANŞET / KARUSEL / HADİSƏ / ÖLKƏ / REDAKTOR SEÇİMİ
Tarix: 19-01-2020, 09:30