mobil versiya

Dünyanı qorxuya salan DƏHŞƏTLİ VİRUS Azərbaycanın bir addımlığında




Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 4 min 535, bu virus səbəbindən ölənlərin sayı isə 106 nəfərə çatıb. Yoluxanların 976 nəfərinin vəziyyəti isə ağırdır.

BAKU.WS xəbər verir ki, ABŞ, Avropa və Asiyanın bəzi ölkələrində koronavirusa yoluxma hallarının aşkarlanması xəstəliyin sürətlə yayılması ilə bağlı narahatlıq doğurur.

Türkiyə mətbuatı yazır ki, dünyanı qorxuya salan virusa ölkə ərazisində də yoluxma halları istisna deyil. "Uhan virusu" adlandırılan yeni koronavirus hava damcı infeksiyaları ilə (tənəffüs, asqırma və öskürək) ötürülür.

NCoV-nin ilkin əlamətləri qızdırma, boğaz ağrısı, öskürək, nəfəs darlığı və ishal kimi ortaya çıxsa da, sonrakı mərhələlərdə sətəlcəm və böyrək çatışmazlığına səbəb olur və ölümlə nəticələnə bilər.

Virus səbəbindən ölənlərin sayı durmadan artdığı bir vaxtda Türkiyənin Konya şəhərindəki Çin vətəndaşı olan qadının koronavirus diaqnozuyla xəstəxanaya yerləşdirildiyi iddia olunub.

Çinli turist baş gicəllənmə, ürək bulanması və qusma şikayətilə Konya Təhsil və Araşdırma Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edib.
Həkimlər çinli turistin koronavirus daşıyıcısı olmasından ehtiyatlanaraq onu karantinə alıblar. Gün ərzində karantində qalan qadında koronavirus aşkar edilməyib.

Qorxulu virusa yoluxma ehtimalı ilə İzmir Təpəcik Təhsil və Araşdırma Xəstəxanasına da xəstə gətirilib. İddiaya görə, 30 yaşlı K.Ü. adlı vətəndaş öskürək və yüksək qızdırma şikayətilə xəstəxanaya müraciət edib.

Koronavirusa yoluxma ehtimalı olduğu üçün Türkiyə vətəndaşı qapalı otağa yerləşdirilib. Onun 10 gün əvvəl Çinin Uhan şəhərindən 600 kilometr uzaqlıqda yerləşən şəhərə səfərdə olması dəqiqləşib.

Son məlumata görə, Türkiyənin Aksaray şəhərində 9-u çinli, 3-ü türk olmaqla, ümumilikdə 12 nəfər koronavirusa yoluxma şübhəsiylə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, koronaviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

MANŞET / SAĞLAMLIQ / KARUSEL / GÜNDƏM / REDAKTOR SEÇİMİ
Tarix: 28-01-2020, 10:00