Azərbaycanda koronovirusa yoluxma təhlükəsi var – Baş infeksionistdən ŞOK ACIQLAMA
2019 (2019-nCoV) koronovirus təhlükəsi getdikçə böyüyür. Virusun ortaya çıxdığı Çində koronovirusdan ölənlərin sayı 80-ə çatıb.
Virusa yoluxanların sayı 2 min 744, onlardan 461-nin vəziyyəti isə ağırdır. Ölkənin Milli Səhiyyə Komissiyasının açıqlamasına görə, Tibet Muxtar Vilayətindən başqa digər bütün bölgələrdə virusa yoluxma qeydə alınıb.
Qeyd edək ki, xəstəlik ABŞ da daxil olmaqla, Avropa, eləcə də Asiya ölkələrində də qeydə alınıb.
Azərbaycan Səhiyyə Nazirliyinin açıqlamasına görə, ölkədə virusa yoluxma halı qeydə alınmayıb.
Lent.az ölkənin baş infeksionisti Cəlal İsayevə istinadən yeni virusla bağlı bəzi məqmaları təqdim edir. Həkim bildirib ki, virus təkçə insandan insana hava-damcı yolu ilə keçmir:
"Yeni koronovirus həm də qəbul etdiyimiz ərzaq məhsulları ilə, su, istifadə etdiyimiz əşyalar vasitəsilə də keçə bilər. Yoluxma şəklindən asılı olaraq, əlamətlər də fərqli olur. Hava-damçı yolu ilə keçəndə, adətən ağciyərlərin zədələnməsi ilə özünü göstərir. Qida və əşyalar yolu ilə keçdikdə isə qastroentrit xəstəliklər törədir. Kporonivurusların çox növü bəllidir. Hazırda onların 37 növü, bəzi mənbələrin göstərdiyinə görə 39 növü məlumdur”.
C.İsayev qeyd edib ki, virusların 3 növü daha ağır xəstəlik törədir. Bu 3 növdən ilki 2012-ci ildə Səudiyyə Ərəbistanında ortaya çıxan Yaxın Şərq respirator sindiromu adlanır ki, dəvələrdən insana keçir:
"Xəstəlik 35 faiz ölümlə nəticələnir. İkincisi SARS viruslarıdır. Bu da Çində yayılmışdı. Həmin virusdan ölüm 30 faizə kimi yüksəlmişdi. 3-cü-2019 koronovirusların isə hələ ki hansı dərəcədə ağırlığı olduğunu deyə bilmərik”.
Həkim vurğulayıb ki, əhalinin sıx yerləşməsi koronovirusların yoluxmasını asanlaşdırır:
"Bu viruslar digər qrip virusları ilə müqayisədə daha sıx təmas tələb edir. Virus xarici mühit təsirlərinə davamsızdır. 37 dərəcə temperaturda 15 dəqiqə, 56 dərəcədə isə həmin dəqiqə tələf olur. Dezinfeksiya məhlullarından ani olaraq tələf olduqıarına görə, əllərimizi vaxtı-vaxtında yusaq, qorunmuş olarıq.
Virusa yoluxma əlamətləri adi respirator qripdə olan əlamətlərdir. Temperatur, halsızlıq, zökəmlə ortaya çıxa bilir. Adi koronovirusların törətdiyi qrip çox yüngül keçir, amma dediyim 3 növündə ağırlaşma ehtimalı çoxdur. Ağciyərlərin prosesə cəlb olunması ilə tənəffüs çatışmazlığı və ölümə səbəb ola bilir”.
Həkim bildirib ki, istifadə etdiyimiz qidaların termiki işlənməsinə diqqət etmək vacibdir. Onun sözlərinə görə, koronoviruslar inək, it, pişik, donuz hətta yarasadan da insana yoluxa bilər.
Baş infeksionist qeyd edib ki, xarici ölkələrdən, xüsusilə Çindən ölkəyə gələn insanlarda temperatur və zökəm əlamətləri özünü göstərirsə, müəyyən müddətdə təcrid olunmalı, şübə qalmadıqdan sonra ölkəyə buraxılmalıdır:
"Azərbaycanda virusa yoluxma ehtimalı yox deyil. Amma yüksək də deyil. Lazım olan tədbirlər görülərsə, qorunmuş olarıq. Çindən gələn məhsullardan keçmə ehtimalı çox deyil. Çünki virus otaq temperaturunda 3-4 dəqiqə ərzində tələf olur. Hələ ki virusa qarşı vaksin mövcud deyil. Yeni virus olduğu üçün digər növlərin peyvəndi bu virusdan qorumur. Yaxşı olar ki, əhali Çinə getməsin. Məcburdurlarsa maskadan istifadə etsinlər, çünki 80 faiz qoruyur. Termiki prosesdən keçməyən, yaxşı bişməyən qidalardan uzaq dursunlar. Çiy məhsul yeməsinlər. Meyvə-tərəvəzdən istifadə etməsinlər”.
Qeyd edək ki, Bakıdan Çinin paytaxtı Pekin şəhərinə birbaşa sərnişin aviareysi üzrə uçuşlar müvəqqəti dayandırılır.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Hava limanından verilən məlumata görə, cədvəl üzrə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) Bakı-Pekin aviareysi üzrə uçuşlar yanvarın 30-dək davam etdiriləcək, bundan sonra isə martın əvvəlinədək dayandırılacaq.
"Cədvəl üzrə Bakı-Pekin aviareysi üzrə uçuşlar həftənin III və VII günləri saat 22:50-də yerinə yetirilir. Uçuşlar yanvarın 30-dək davam etdiriləcək, bundan sonra martın 8-dək dayandırılacaq. Bakı-Pekin aviareysinim martın 8-dən bərpa olunacağı gözlənilir", - aeroportdan bildirilib.
AZAL bunu Çində bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah edir.
Qeyd edək ki, ötən gün "China Southern Airlines" şirkəti Quançjou-Bakı-Quançjou aviareysini ləğv edib. Buna səbəb Çində tüğyan edən koronavirus olub.
SAĞLAMLIQ / KARUSEL / GÜNDƏM
Tarix: 27-01-2020, 18:50