mobil versiya

Dövlət başçısı: "Daha çox iş yerlərinə ehtiyacımız var"



"Mən bir daha Dünya Bankının Azərbaycan üçün etdiyi bütün işlərə görə minnətdarlığımı bildirmək istərdim. Bizim “Doing Business” reytinqində irəliləyişlə bağlı xoş fikirləriniz üçün minnətdaram. Bilirsiniz ki, “Doing Business”dəki mövqeyimiz bizim üçün çox uğurlu sahələrə diqqəti cəmləmək üçün bir növ motivasiya idi. Ona görə də hökumətin, administrasiyamın və müvafiq nazirliklərin üzvlərindən ibarət xüsusi komissiya yaradıldı".

REPORTYOR.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfransda deyib.

Dövlət başçısı bildirib: "Biz xüsusilə geridə qaldığımız sahələrə diqqəti yetirirdik. Biz qısa müddət ərzində çox əsaslı irəliləyişə nail ola bildik. Əlbəttə, bu, ölkədəki biznes mühitini yaxşılaşdırır, daha çox investisiyalardan faydalanmağa imkan verir. Təbii ki, biz qeyri-enerji sektoruna investisiya yatırılmasında maraqlıyıq. Bizim üçün hazırda prioritet olan məsələlərə gəlincə mən ümumi şəkildə indiki pandemiya dövründə iki əsas prioritetin olduğunu deyərdim. Çünki biz ilə yaxşı iqtisadi artım göstəriciləri, yaxşı formada olan bütün iqtisadi parametrlərlə birlikdə çox ümidverici başlanğıc etdik.

Lakin bu ilin 5 ayı göstərir ki, bizim iqtisadiyyatımız 1,7 faiz azalıb. Bu, çox deyil. Lakin bu, azalmadır. Amma ümidverici fakt ondan ibarətdir ki, bizdə kənd təsərrüfatında artım qeydə alınıb – 3 faizdən çox. Qeyri-enerji sənayesində artım 14 faiz təşkil edib. Ona görə də gələcək üçün bizim nəzərə aldığımız iki əsas məsələ şaxələndirməyə əsaslanan iqtisadiyyatın davamlı inkişafına nail olmaqdır. İkincisi isə, iqtisadiyyatın artımı daha çox iş yerləri ilə müşayiət olunmalıdır. Çünki Azərbaycan əhalisi artan ölkədir. Biz artıq 10 milyondan çoxuq. Əhali artır. Ona görə də xalqımız üçün daha çox iş yerlərinə ehtiyacımız var. Xüsusilə də indi bu yeni texnologiyalarla bir çox iş yerləri artıq bazarda deyil. Yeni işlər peyda olur. Lakin bu yeni iş yerləri üçün bizim insanların xüsusi bacarıqları olmalıdır. Ona görə də bu iki əsas amil bizim hər zaman gündəliyimizdədir.

Birgə çalışdığımız digər layihələr arasında artıq proqramımızın mövcud olduğu özünüməşğulluq sahəsindən savayı, digər vacib sahələrdən biri kimi icbari tibbi sığortanın adını qeyd edərdim. Biz ölkə üzrə proqramı yanvardan başlamağı planlaşdırırdıq. Lakin koronavirus səbəbindən biz bunu gələn ilin yanvarına qədər təxirə salmalı olduq. Ancaq artıq proqramın əhatə etdiyi bir neçə şəhərimiz var. Nəticələrimiz yaxşıdır. Ona görə də il bitməzdən qabaq düşünürəm ki, sizinlə müvafiq qaydada bu sistemin necə strukturlaşdırılmasının üzərində işləməyə davam edəcəyik. Çünki bu, bizim üçün yenidir. Bir məsələ ondan ibarətdir ki, bu 1, 2 və 3 şəhərdə tətbiq olunur. İkinci məsələ isə ondan ibarətdir ki, bütün ölkədə tətbiq olunacaq".

MANŞET / KARUSEL / ÖLKƏ
Tarix: 17-06-2020, 23:10