59 jurnalist ölüb, 533-ü həbs edilib, 65-i oğurlanıb
2022-ci ildə dünyada ən azı 59 media işçisi peşə fəaliyyəti ilə məşğul olarkən həyatını itirib. Onların 80 faizi məqsədli şəkildə öldürülüb.
Sərhədsiz Reportyorlar beynəlxalq təşkilatının yaydığı məlumata görə, Meksika 4-cü ildir ki, “jurnalistlər üçün ən təhlükəli ölkə” olaraq qalır. Ötən il burada mütəşəkkil cinayətkarlıq kimi həssas mövzuları işıqlandıran ən azı 11 jurnalist öldürülüb.
Təşkilatın hesabatına görə, 2022-ci ildə Ukrayna da media işçiləri üçün ən təhlükəli ölkələrdən birinə çevrilib: “Rusiya təcavüzü bu il xarici işgüzar səfərlərdə olan bir sıra jurnalistlərin ölümünə səbəb olub. Martın 13-də Rusiya qüvvələri tərəfindən güllələnərək öldürülən ukraynalı fotoqraf Maksim Levin və Ukraynanın şərqində çəkiliş aparmağa gedərkən öldürülən fransız videoreportyor Frederik Imhof belə nümunələrdəndir”.
Sərhədsiz Reportyorlar 2022-ci ildə dünyada ən azı 65 media işçisinin oğurlandığını bildirir. Bundan başqa bu il dünyada misli görünməmiş sayda – ən azı 533 jurnalist həbs edilib. Belə halların yarıdan çoxu 5 ölkədə baş verib: Çin, Myanma, İran, Vyetnam və Belarus.
“Həbsdə olan media işçilərinin rekord sayda olması onu göstərir ki, avtoritar rejimlər arzuolunmaz jurnalistləri getdikcə daha çox dəmir barmaqlıqlar arxasına atırlar”, – təşkilatın nümayəndəsi Katya Qloqer bildirib.
MARAQLI / KARUSEL
Tarix: 29-12-2022, 14:48