Vyetnamda dünyanın qayada oyulmuş ən hündür Budda heykəli tikilir

Vyetnamın Mekonq Deltasındakı An Giang əyalətində yerləşən Sam dağının yamacında birbaşa qayada oyulan 81 metr hündürlüyündəki Şakyamuni Budda heykəlinin 2027-ci ilin sonuna qədər tamamlanması və bununla da dünyanın qayada oyulmuş ən hündür Budda heykəlinə çevrilməsi nəzərdə tutulur.
Nui Sam Mədəniyyət Parkı Buddist mövzusunda layihələndirilib və burada Şakyamuni Buddanın həyatındakı mühüm mərhələləri təcəssüm etdirən dörd heykəl yer alacaq.

Kompleksin əsas hissəsini meditasiya vəziyyətində olan 81 metrlik Şakyamuni Budda heykəli təşkil edəcək. Bu heykəli yeni doğulmuş Buddanı təsvir edən 21 metrlik heykəl, asketizm (zöhd) həyatı sürən Buddanı ("Qar Dağı Buddası" kimi tanınır) əks etdirən 35 metrlik heykəl və Nirvanaya qovuşan Buddanı təsvir edən 49 metrlik heykəl müşayiət edəcək.
Layihədə boz qranitdən istifadə olunacaq və tikinti üçün təxminən 198 000 kubmetr daşın çıxarılması gözlənilir.

Tamamlandıqdan sonra 81 metrlik heykəlin Çinin Siçuan əyalətindəki 71 metrlik Leşan Nəhəng Budda heykəlini geridə qoyaraq dünyanın qayada oyulmuş ən hündür Budda heykəlinə çevriləcəyi gözlənilir.
Şakyamuni Budda heykəli, ümumi investisiya dəyəri 456 milyard Vyetnam dongundan (17,5 milyon ABŞ dolları) çox olan Sam Dağı Mədəniyyət Parkı layihəsinin mərkəzi elementidir. Layihə, Sam Dağı Mavzoleyi və Məbəd İdarə Heyəti tərəfindən idarə olunan xeyriyyə ianələri hesabına maliyyələşdirilir.
Parkın tamamlanması Şakyamuni Budda heykəlinin bitirilməsindən altı ay sonra – 2028-ci ilin iyun ayında nəzərdə tutulub.
İki komandada çalışan təxminən 50 işçi eyni vaxtda həm daşın ilkin yonulması, həm də heykəlin formalaşdırılması işlərini həyata keçirir.
Partlayış üsullarından istifadə edilən ilkin yonma mərhələsi avqust ayında başa çatıb.

Heykəlin yonulması işləri əllər hissəsinə qədər irəliləyib və ümumi işin təxminən 70%-i tamamlanıb. Heykəltəraşlıq qrupunun rəhbəri Tran Quok Si-nin sözlərinə görə, işçi platforması quraşdırılmazdan əvvəl işçilər baş hissəsini yonmaq üçün hər gün dağa dırmaşmalı olurdular.
Daha sonra komanda iskele (işçi platforması) qurmaq üçün dağ yamacına dəmir borular bərkidəcək; bu qurğu heykəl tam hazır olub incəsənət şurası tərəfindən təsdiqlənənə qədər yerində qalacaq. "Dik qayalıq üzərində işləmək son dərəcə ehtiyatlı olmağı tələb edir. Heykəltəraşlar təhlükəsizlik kəmərlərindən istifadə etməli və yalnız günəşli havada işləyə bilərlər. Yağış yağdıqda, güclü külək əsdikdə və ya ildırım çaxdıqda iş dərhal dayandırılmalıdır," deyə Sy bildirib.
Layihənin, qlobal turizm xəritəsində yüksələn bir ulduz olan və Vyetnamın ən böyük adası Phu Quoc-a ev sahibliyi edən An Giang bölgəsində yeni bir turistik məkana çevriləcəyi gözlənilir.
Taylandın Pattaya şəhərindəki Khao Chi Chan və ya "Budda Dağı"nda əhəngdaşı qayalığına lazerlə həkk olunmuş və 24 karatlıq qızılla işlənmiş, hündürlüyü 109 metr, eni isə 70 metr olan Budda təsviri mövcuddur ki, bu da həmin məkanı məşhur turizm nöqtəsinə çevirib.

Çində, Sichuan əyalətindəki Minjiang çayının şərq sahilində yerləşən Leshan Nəhəng Buddası hər il minlərlə zəvvarı və turisti özünə cəlb edir.
Reportyor.az
MARAQLI / KARUSEL
Tarix: Bu gün, 10:04


























