mobil versiya

İğdır şəhərində Azərbaycana dəstək aksiyası keçirilib




Türkiyənin İğdır şəhərində Ermənistanın son hərbi təxribatına etiraz və Azərbaycan dövlətinə dəstək aksiyası keçirilib.

Bu barədə REPORTYOR.AZ-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin İğdır Azərbaycan Evi Dərnəyi ilə birgə təşkil etdiyi tədbir ermənilər tərəfindən qətlə yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi önündə gerçəkləşdirilib.

"Azərbaycan yalnız deyil" şüarı ilə baş tutan tədbirdə vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər. Tədbirdə İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar, İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal çıxış ediblər.

Ermənistanın terrorçu dövlət olduğunu xatırladan natiqlər bildiriblər ki, Türkiyə dövləti və xalqı Azərbaycanın yanındadır, İğdırın vətəndaş cəmiyyəti də Azərbaycanın yalnız olmadığı ismarıcını vermək üçün bir araya gəlib: "Ermənistan qanunlara məhəl qoymayaraq, mülki əhaliyə hücum edir və tez-tez atəşkəs rejimini pozur. ATƏT-in Minsk qrupu problemi həll edə bilmir.

Qarabağ Azərbaycan torpağıdır və belə də qalacaq. Azərbaycanın yanındayiq və yanında olmağa da davam edəcəyik. Azərbaycan erməni təxribatlarına lazımlı cavab verir. Təcavüzkar Ermənistanı qınayırıq”.

Tədbir iştirakçıları bəyanatı dəstəkləyiblər və Azərbaycanı yalnız buraxmayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür ediblər.
MARAQLI / SON XƏBƏR / SİYASƏT
Tarix: 1-10-2020, 09:28