Tağı Əhmədov yenə gündəmdə - borcunun əvəzinə Yaqut alacaq
2 milyonunu fırıldaqçılara yedirdən “Bakı Metropoliteni”nin sabiq rəisinə pul əvəzinə 96.25 karat yaqut daş verilir
“Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədovun mənimsənilən 2 milyon manatının ödənilməsi üçün yaqut daşı satılacaq. Məlumata görə, bu barədə Tağı Əhmədovun 2 milyon manatını mənimsəməkdə ittiham olunan iş adamı Səadət Xəlilovun məhkəməsinin yekununda qərar verilib.Məhkəmə qərarında göstərilib ki, cinayət işi üzrə maddi sübut olan, saxlanılmasından ötrü Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinə təhvil verilmiş 19.25 qram kütləli 96.25 karat ölçüdə 1 ədəd yaşıl rəngli, şəffaf yaqut daşı satılaraq, Tağı Əhmədova dəymiş zərərin ödənilməsinə yönəldilsin.
O da məlum olub ki, daşın qiyməti barədə respublikanın ticarət şəbəkələrində, zərgərlik məlumatlarının satışı mağazalarında və eləcə də mərkəzdə məlumat olmadığından məhkəmə-əmtəəşunas ekspertinin qarşısında qoyulmuş suala cavab vermək mümkün olmayıb. Məlumat üçün deyək ki, ən nadir yaqut daşının 1 karatı dünya bazarında 100 min 639 dollara satılır.
İttihama görə, Tağı Əhmədov AMEA əməkdaşı, professor Soltan Əliyev vasitəsilə Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşova ümumilikdə 2 milyon manata yaxın sələmə pul verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək Tağı Əhmədovu şirnikləndiriblər, ondan yüksək faizlə sələmə pul alıblar.
Sələmə pul vermə əməliyyatı Tağı Əhmədovun sədrlik etdiyi YAP-ın Yasamal rayon təşkilatının binasında baş tutub. Tağı Əhmədov pulları həmin şəxslərə verdikdən sonra sələm faizlərini almağa başlayıb. Daha sonra sələmi qaytara bilmədikləri üçün Soltan Əliyev hüquq-mühafizə orqanlarına şikayət edib. Cinayət işi üzrə zərərçəkmiş kimi də Soltan Əliyev tanınıb. Tağı Əhmədovdan pulu alan Qulu Muxtarov vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müvəkkili işləyib. Hüquq-mühafizə orqanlarından təqaüdə çıxdıqdan sonra Beynəlxalq Bankın rəhbəri olmuş Cahangir Hacıyevin mühafizəçisi olub. Məhkəmə istintaqı zamanı məlum olub ki, sələm prosesində Tağı Əhmədovun oğlu Ruslan Əhmədov da iştirak edib. Hətta bir dəfə Tağı Əhmədov pullarını qaytarmadığı üçün Səadət Xəlilovu ofisində döyüb. Səadət Xəlilov götürülən puldan 234 min manat qaytardığını bildirir. Zərərçəkmiş kimi tanınan Soltan Əliyev Tağı Əhmədovun 2 milyonu ilə yanaşı, əlavə 1 milyon 92 min manat da faiz pulu tələb edir. Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov 9 il, digər təqsirləndirilən şəxslər Qulu Muxtarov 8 il 6 ay, Sahil Abuşov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, Səadət Xəlilov 2 milyon manatı “Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.
Tağı Əhmədov 1998-2014-cü illərdə “Bakı Metropoliteni” QSC-nin rəisi olub. Rəis olduğu dövrdə də Tağı Əhmədov başı daha böyük qalmaqalda olub və itirdiyi məbləğ indikindən 1 milyon manat daha artıq olub. Belə ki, 2015-ci ildə MTN-də Eldar Mahmudovun bandası ifşa olunandan sonra Respublika Baş Prokurorluğunda cinayət işi başlanıb. O zaman istintaqa ilk şikayət ərizəsi verənlərdən biri də Tağı Əhmədov olub.
Şikayətinin məzmunundan belə aydın olub ki, Tağı Əhmədov “Bakı Metropoliteni”nin rəisi olduğu zaman MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general Akif Çovdarov ona sifariş göndərib, MTN üçün 10 “Gelandewagen” markalı avtomobil almasını tapşırıb. Tağı Əhmədov bu tələbi yerinə yetirməyib və Eldar Mahmudova zəng edib. Lakin Eldar Mahmudov onun zənginə cavab verməyib. Tağı Əhmədov əl çəkməyib, Eldar Mahmudovun köməkçisini yığıb. Köməkçi də Tağı Əhmədova bildirib ki, Eldar Mahmudov onun məsələsini Akif Çovdarova tapşırıb. Bundan sonra Tağı Əhmədovun qardaşı oğlu MTN tərəfindən istintaqa cəlb olunub.
Akif Çovdarov
Akif Çovdarov məhkəməsində deyib ki, o zaman Tağı Əhmədovla bağlı araşdırma aparılması ölkə rəhbərliyi tərəfindən MTN-ə tapşırılıb. Aydın olub ki, “Bakı Metropoliteni”ndə daşınan hər 4 sərnişindən birinin ödədiyi gediş haqqı Tağı Əhmədovun cibinə gedib. Bu isə hər ay təxminən 300 min manatın mənimsənilməsi olub. Bundan başqa, “Bakı Metropoliteni”nin ərazisindəki 1200 ticarət nöqtəsindən hər ay Tağı Əhmədovun cibinə 5 milyondan artıq vəsait axdığı da üzə çıxıb. Onun ölkə daxilində 100-ə yaxın evi, bağı, ticarət mərkəzləri, şadlıq evləri, Avropa və Dubayda biznesi, təkcə oğlu Ruslan Əhmədovun adına ofşor hesablara çıxardığı 20 milyon avro, Azərbaycan banklarında 300 milyon manata yaxın vəsaiti müəyyən edilib. Cinayət işi çərçivəsində saxlanılan qardaşı oğlu MTN-də Tağı Əhmədovun cinayətlərini təsdiqləyən ifadə verib. O zaman 3 milyon manat qarşılığında Tağı Əhmədov araşdırmaların dayandırılmasına nail olub. Akif Çovdarovdan şikayətində də həmin məbləğin ondan hədə-qorxu ilə alındığını bildirib. Akif Çovdarov məhkəməsində Tağı Əhmədovun üzünə qarşı metropolitendə rəis işləyərkən vəzifə cinayətlərinə yol verdiyini deyib, korrupsiyada ittiham edib. Faktları bir-bir sadalayıb. Köhnə vaqonların rənglənərək təzə adı ilə “Bakı Metropoliteni”nə sırınmasından tutmuş ödəniş turniketlərinə xüsusi avadanlıq quraşdırılmaqla gediş haqlarının mənimsənilməsi kimi cinayətləri diqqətə çatdırıb. Maraqlıdır ki, bundan sonra Tağı Əhmədovun səsi batıb, Akif Çovdarovdan yazdığı şikayətdə tələb etdiyi 3 milyon manatla bağlı tələbləri də daha eşidilməyib. Akif Çovdarovun cinayət işi üzrə məhkəmədə çıxış edən dövlət ittihamçısı da Akif Çovdarovun sadaladığı faktların araşdırılması üçün hər hansı bir hərəkət etməyib.
Tağı Əhmədovun 2 məhkəmə işi üzrə 5 milyon manat ziyanı ortadadır. Akif Çovdarovun məhkəməsində özü də hər kəsi inandırmağa çalışırdı ki, bu pulların mənbəyi onun 44 illik əmək haqqıdır. Görəsən, Tağı Əhmədovun istintaq orqanlarında olan və araşdırılmayan şikayətləri üzrə nə qədər ziyanı var?
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
ÖLKƏ / CƏMİYYƏT
Tarix: 25-11-2022, 12:23