Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilk dəfə neyrocərrahi əməliyyat icra edilib
Region əhalisi üçün tibbi əlçatanlığın təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Əsasən, paytaxtdakı ixtisaslaşmış tibb müəssisələrində icra olunan müəyyən mürəkkəb əməliyyatlar artıq region xəstəxanalarında da həyata keçirilir. Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilk dəfə icra olunan mürəkkəb neyrocərrahi əməliyyat uğurla başa çatıb.
Reportyor.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Təcili tibbi yardım briqadası tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılan 1984-cü il təvəllüdlü Şirvan şəhər sakininin (kişi cinsli) həyatı zamanında göstərilən tibbi müdaxilə və peşəkar tibbi komandanın birgə fəaliyyəti nəticəsində xilas edilib.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasına dəvət edilən Respublika Neyrocərrahiyyə Xəstəxanasının neyrocərrahları Rövşən Bağırov və Şəhriyar Səlimli xəstəxananın tibbi heyəti ilə birgə pasiyentin sağ gicgah-təpə nahiyəsində kraniotomiya və epidural hematomanın xaric edilməsi əməliyyatını uğurla icra ediblər.
Xəstəxanaya hospitalizasiya zamanı vəziyyəti kritik olan pasiyentə baş beynin ağır dərəcəli əzilməsi və sıxılması, sağ gicgah sümüyünün xətti sınığı, sağ təpə-gicgah nahiyəsində epidural hematoma və sol gicgah payında hemorragik əzilmə sahəsi diaqnozları təyin edilib. Əməliyyatdan sonra isə onun vəziyyəti stabil qiymətləndirilib və bərpa prosesində müsbət dinamika müşahidə olunub.
Hazırda pasiyentin müalicəsi Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Yaxın günlərdə ambulator müayinə üçün evə buraxılması nəzərdə tutulur.
Qeyd edək ki, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında aparılan islahatlar çərçivəsində tibbi xidmətin təşkili məqsədilə bir sıra yeniliklər həyata keçirilib, tibb müəssisəsi keyfiyyətli müasir avadanlıqlarla təmin olunub.
SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 11:52