Rusiya Türkiyə zonalarını bombalayır: Putin xəbərsizdir? (ŞƏRH)
"Rusiya Suriyada aqressivləşir. Ankaradan gələn isti mesajlara baxmayaraq, Rusiya aviasiyası Suriyada Türkiyənin nəzarətindəki əraziləri, İdlib bölgəsini şiddətli şəkildə bombalayır".
Qaynarinfo xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib. O bildirib ki, İdlibin Atarib şəhərindəki xəstəxana, Kah qəsəbəsi, Türkiyə sərhədindən 3 km aralıdakı Sarmada yaşayış məntəqəsindəki qaçqın düşərgələri, TIR parkı, Türkiyə sərhədindən 2 km aralıdakı qazdoldurma məntəqəsi Rusiya hərbi təyyarələri və Hmeymimdən atılan raketlərlə vurulub:
"Türkiyə Müdafiə Nazirliyi isə bombardmanı Suriya hökumətinin həyata keçirdiyini bəyan edib. Ümumiyyətlə, Rusiya son həftələr Türkiyənin nəzarətindəki ərazilərdə resurs bazasını və infrastrukturu hədəf alıb. Neft saxlanan anbarlar və tankerlər, yük daşıyan TIR-lar davamlı şəkildə bombalanır. Rusiya tərəfi hər zaman təkrarlayır ki, yalnız terrorçuları və onların gəlir mənbələrini hədəf alır. Liderlər arasında qarşılıqlı simpatiya olsa da, Rusiya-Türkiyə dövlətlərarası münasibətlərində ziddiyyətlər, toqquşan maraqlar var və bunları uzlaşdırmaq prezidentlər üçün asan olmur. Başqa bir tərəfdən belə görünür ki, Suriyadakı Rusiya komandanlığına vəziyyətlə bağlı yerində qərar qərar qəbul edib, dərhal icra etmək üçün səlahiyyət verilib və onlar öz addımlarında incə siyasi məqamları nəzərə almırlar".
Politoloq hesab edir ki, Rusiya dövləti içərisində Putinin Türkiyə ilə bağlı siyasətindən məmnun olmayan çevrələr mövcuddur.
SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 22-03-2021, 14:48