mobil versiya

300 nəfərlik toy keçirmək istəyən şadlıq sarayının rəhbəri cəzalandırılıb, obyekt bağlanır




Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan verilən məlumata görə, 7 iyul 2021-ci il tarixində Biləsuvar şəhəri, Heydər Əliyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Şahbazov Mahir Vəkil oğluna məxsus “Zirvə” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Belə ki, toy mərasiminin keçirildiyi zalın sahəsi normativ tələblərə müvafiq olaraq 79 nəfərə xidmət etmək üçün uyğun olduğu halda, 150 nəfərlik şənlik mərasiminin keçirilməsi üçün müvafiq portala rəsmi müraciət olunub və keçirilən baxış zamanı şənlik mərasiminin 300-dən artıq şəxsin iştirakı üçün nəzərdə tutulduğu müəyyən olunub.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsində bundan sonra şənlik mərasimlərinin keçirilməsinə məhdudiyyətin tətbiq olunması üçün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müvafiq qaydada müraciət olunub.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcək.

SON XƏBƏR / KARUSEL
Tarix: 8-07-2021, 15:40