mobil versiya

Sabiq icra başçısının məhkəməsi başlayır




Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

REPORTYOR.AZ APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlkin Abdullayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası avqustun 25-nə təyin olunub.

Qeyd edək ki, Mahir Quliyev bu il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunub.

Bundan başqa, Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov və tabeliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında özünün pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Həmçinin dövlət qayğısı ilə əhatə olunan işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Eyni zamanda, Mahir Quliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyinə, vətəndaşlardan müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə təkrarən rüşvət tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində, Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı həmin pul vəsaitləri, aparılan araşdırmalarla bağlı iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq orqanı tərəfindən Mahir Quliyevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Sabiq icra başçısı barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçlib.
SON XƏBƏR / KARUSEL
Tarix: 16-08-2021, 10:11