Açıq havada işləyən kafelərdə peyvənd pasportu tələb ediləcək? - RƏSMİ AÇIQLAMA
Bu gündən etibarən COVID-19 pasportu olmayan şəxslər ictimai iaşə müəssisələrinə, o cümlədən restoran və kafelərə buraxılmır.
REPORTYOR.AZ xəbər verir ki, bu məsələ ilə bağlı bir neçə qaranlıq məqam meydana gəlib. Belə ki, kafe və restoranların bir çoxu həm də açıq havada xidmət göstərir.
Bəs açıq havada xidmətdən istifadə edən vətəndaşlardan necə, COVID-19 pasportu tələb olunacaqmı?
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında bildirib ki, qərar açıq havada fəaliyyət göstərən kafe və restoranlara aid olunmur.
“Bu məsələ barədə ötən gün elektron hökumət portalının nümayəndələri də açıqlama verib. COVID-19 pasportu tələbi rəsmi qərara əsasən, yalnız qapalı məkanlara aiddir”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, yaşı 18-dən yuxarı olan şəxslər sentyabrın 1-dən etibarən ictimai iaşə müəssisələri, mehmanxana və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 1-09-2021, 13:00