mobil versiya

Abşeron məktəblərində “Mənim ailədə vəzifələrim” mövzusunda “Ailə həftəsi” keçirilir




15 May “Beynəlxalq ailə günü” münasibəti ilə Abşeron rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Mənim ailədə vəzifələrim” mövzusunda “Ailə həftəsi” keçirilir.

Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayon Təhsil Şöbəsinin təşkilatçalığı ilə reallaşan həftə 14-21 may tarixlərini əhatə edəcək. “Mənim ailədə vəzifələrim” həftəsi çərçivəsində şagirdlərlə görüşlər keçiriləcək, onlarla psixoloji söhbətlər aparılacaq, uşaqların ailədə rolu və üzərinə düşən məsuliyyət, ailədaxili münasibətlərin tənzimlənməsi, ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərin yeniyetmələr və gənclər arasında təbliği məqsədi ilə müxtəlif səpkili silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Bununla əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova Xırdalan şəhərində fəaliyyət göstərən 7 saylı tam orta məktəbdə olub, “Mənim ailədə vəzifələrim” həftəsi çərçivəsində həyata keçirilən tədbirlərdə iştirak edib. Qeyd olunub ki, Azərbaycanlı psixologiyasında ailə müqəddəsdir. O gücü, birliyi, iradəni təmsil edir ki, milli dəyərlərimizin təhlili zamanı məhz bu keyfiyyətlərlə rastlaşırıq.
Məktəb psixoloqları tərəfindən Xırdalan şəhərində fəaliyyət göstərən 2, 3, 4, 6, 7, 9 saylı, Masazır kənd 1 saylı, Məhəmmədi kənd və Digah qəsəbə tam orta məktəblərdə silsilə tədbirlər, görüşlər keçirilib və həftə sonuna qədər bu səpkili görüşlər davam etdiriləcəkdir.
Məlumat üçün bildirək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq hər il 15 may tarixi bütün dünyada “Beynəlxalq ailə günü” kimi qeyd edilir.









SON XƏBƏR / KARUSEL
Tarix: 16-05-2022, 17:56